“Dəmir yumruq” bizi Qarabağa qaytardı, Prezidentin dəmir iradəsi isə Qərbi Azərbaycana qaytaracaq”.

"Unikal" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, deputat Əhliman Əmiraslanov parlamentdə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda keçirilən dinləmədə deyib. O bildirib ki, Qərbi Azərbaycana qayıdış ideyası Vətən müharibəsindəki qələbədən sonra reallaşmağa başladı: 

“Ona qədər hamımızın bir fikri var idi ki, torpaqlarımızı mənfur düşmənlərdən azad edək. Bu qələbədən sonra qarşımızda duran əsas məsələ Qərbi Azərbaycana qayıdışdır. Biz top, tüfəng və tanklarla yox, sülh yolu ilə qayıtmaq istəyirik. Çünki bizim buna haqqımız var. Ora ata-baba torpaqlarımızdır. Çoxumuzun valideyni orada dəfn olunub. Biz valideynlərimizin qəbrini ziyarət edə bilmirik. Ona görə də həm mənəvi, həm də hüququ cəhətdən haqqımız var ki, ata-baba yurdumuza qayıdaq”. 

İcmanın Şura sədri vurğulayıb ki, bu, heç kimi təşvişə salmalı deyil: “Arada Ermənistan telekanallarına baxıram və İcma yarandıqdan sonra onlarda böyük təşviş yaranıb. Ermənistanın baş naziri Nikol Paşinyan bir dəfə qeyd etdi ki, belə bir qurumun yaranması Ermənistan dövlətçiliyi üçün təhlükə təşkil edir. Bizim məqsədimiz ora dinc yolla qayıdıb yaşamaqdır. Necə ki, "Dəmir yumruq" bizi Qarabağa qaytardı, cənab Prezidentin dəmir iradəsi bizi Qərbi Azərbaycana qaytaracaq”.

Ə.Əmiraslanov təəssüf hissi ilə bildirib ki, deportasiyalara münasibət Azərbaycana rəhbərlik edənlər tərəfindən birmənalı olmayıb, hətta bəziləri tərəfindən ögey münasibət olub: “Deportasiyaların keçmişdə Azərbaycanda rəhbərlik edənlərin razılığı ilə olmasını da unutmamalıyıq. Qərbi Azərbaycandan deportasiya olunanların problemlərinin həlli, bu deportasiyalara hüquqi və siyasi qiymət yalnız Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə verilib”.

Anar Kəlbiyev