Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Unikal" xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilən prosesdə müşavirədən sonra hökm elan olunub.

Hökmə əsasən, Voskanyan Qaqik Aşotoviç 18 il müddətinə azadlıqdan məhrum edilib.

***

15:27

Dövlət ittihamçısı Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

"Unikal" xəbər verir ki, Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Müşfiq Rəhimov çıxış edib.

Prokuror təqsirləndirlilən şəxs Qaqik Voskonyanın 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, cəzasının ilk 5 ilini qapalı, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Daha sonra təqsirləndirilən şəxs məhkəmədə son söz deyib. Məhkəmə hökmü elan etmək üçün müşavirəyə gedib.

*** 11:22

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə dekabrın 7-də keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs ifadə verib.

"Unikal" xəbər verir ki, Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə fasiləyə gedib.

Fasilədən sonra prosesdə iş üzrə zərərçəkmiş şəxslərin dindirilməsi gözlənilir.

***

11:01

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

"Unikal" xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilən prosesdə hakim təqsirləndirilən şəxslərə yenidən hüquqlarını izah edib.

Məhkəmə istintaqı açıq elan edilib.

Prokuror ittiham aktını elan edib.

İttihama görə, bu il avqustun 16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu İstisu kəndi ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupu tərəfindən terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədi pozulub.

Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri tərəfindən kəşfiyyat-diversiya üzvü Voskanyan Qaqik Aşoti ələ keçirilib.

Saxlanılan zaman onun üzərində xeyli sayda silah-sursat aşkarlanıb. O, tərksilah olunan zaman Azərbaycan Silahlı Qüvvələrin əməkdaşlarına silahlı müqavimət göstərərək onları öldürməyə cəhd edib.

Onun barəsində Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə terrorçuluq), 29.120(qəsdən adam öldürməyə cəhd),228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ittiham verilib.

O, ittiham üzrə özünü təqsirli bilməyib.

Hakim elan edib ki, təqsirləndirilən şəxsə verilən ittihamlar üzrə bir maddə üzrə ömürlük, digər maddələr üzrə isə 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Proses davam edir.

***

08:12

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesinin ilk baxış iclası keçiriləcək.

"Unikal" xəbər verir ki, cinayət işi Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Bugünkü məhkəmədə prokurorun ittiham aktını elan etməsi gözlənilir.

Q.Voskanyanın hüquqlarını vəkil Dilsuz Məmmədov müdafiə edir.

İş üzrə 5 nəfər zərərçəkmiş var.

Qeyd edək ki, avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib.

Bölmələrimizin sayıqlığı nəticəsində atəş vasitələrimizin dəstəyi ilə erməni hərbçilərin təxribatının qarşısı alınıb. Nəticədə diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun digər üzvləri geri çəkilməyə məcbur edilib.

Qeyd olunan qanunsuz əməllərin qarşısı alınan zaman saxlanılmış Ermənistan silahlı birləşmələrinin üzvü Voskanyan Qaqik Aşoti Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə terrorçuluq), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.