Dekabrın 7-də saat 08:16 radələrində Xəzər dənizində baş verən 5.6 maqnitudalı zəlzələ ilə bağlı son məlumata əsasən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olmayıb.
"Unikal" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
***
09:10
Zəlzələ ilə bağlı Bakı şəhəri və ətraf ərazilərdən hər hansı dağıntı və təlafatla barədə Daxili İşlər Nazirliyinə məlumat daxil olmayıb.
Bu barədə "Unikal"a DİN-in mətbuat xidmətindən bildirilib.
***
09:03
Fövqəladə Hallar Nazirliyi Azərbaycanda qeydə alınan zəlzələ barədə açıqlama yayıb.
Nazirlikdən "Unikal"a bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 07.12.2023-cü il tarixində yerli vaxtla saat 08:16-da Xəzər dənizində 68km dərinlikdə maqnitudası 5.6 olan zəlzələ qeydə alınıb.
"Zəlzələ Bakı şəhəri və ətraf ərazilərdə hiss olunub. Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə FHN-ə məlumat daxil olmayıb", - açıqlamada deyilir.