SOS! Bakıya bölgələrdən murdar ət gətirilir!
20:40 20-04-2013
CƏMİYYƏT
SOS! Bakıya bölgələrdən murdar ət gətirilir!
"Leşyığan"lar istehlakçılara ölmüş ətləri necə satırlar?
Azərbaycanın ət və ət məhsulları bazarında biabırçı vəziyyət yaranıb. Bu gün bölgələrdə və paytaxt Bakıda mənşəyi məlum olmayan ətlə yanaşı, ölmüş heyvan ətləri də satılır.
Mənşəyi məlum olmayan bu ətin "təmiz" olması barədə baytarlıq idarələrinin möhürü və rəsmi sağlamlıq arayışları olsa da, əksər ətlər ümumiyyətlə yoxlamadan keçirilmir.
İstehlakçı bazardan
ət almağa qorxur
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da ciddi faktlar açıqlayır. Eyyub Hüseynov deyib ki, ət bazarında biabırçı vəziyyət yaranıb: "Bu gün Bakının əksər bazarlarında-Yasamal bazarı, 9-cu mikrorayon, 3-cü mikrorayon, Nərimanov rayonu ərazisində bazarlarda, "Təzə Bazar"da və sair yerlərdə küçələrdə heyvanlar kəsilir. Bu ərazilərdə hətta kəsilmək üçün gətirilən heyvanlar gecələr küçələrə bağlanılr və sakinlərə narahatlıq yaradır. Çünki, Azərbaycanda bazar öz qanunları ilə işləyir. Azərbaycan istehlakçısı gözü ilə gördüyü əti almaq istəyir. Sual olunur ki, niyə Azərbaycan istehlakçısı küçələrdə antisanitar şəraitdə satılan ətləri alır, böyük super marketlərdən, yaxşı vəziyyətdə satılan ət almır? Ona görə ki, istehlakçının artıq inamı qalmayıb. Yaxud da istehlakçı səhər saatlarında bazara daxil olanda ətlərin üzərində baytarların sağlamlıq yoxlanışı haqqında möhürləri görür. İstehlakçı bunu anlayır ki, bu möhürlər yoxlanılmadan vurulub. İstehlakçı bilir ki, səhər tezdən bazarda baytarlıq yerləri açıq olmur ki, onlar həqiqi yoxlamalar aparsınlar. Onlar bilirlər ki, bu möhürlər yalandan vurulub. Bazarlarda yalançı ekspertizalar keçirilir, pullar yığılır və sənədlər verilir. Hətta istehlakçı görür ki, bazarlarda ağzı açılmamış şüşə qablarda olan turşular üçün ekspertizadan keçirilmə sənədləri verilir. Ona görə də, istehlakçı bunlara inanmır. Buna görə də istehlakçı istəyir ki, heyvanın kəsilmə prosesini gözü ilə görsün və inansın".
Baytarlar ətləri
yoxlamadan
pul alıb möhürləyir
Eyyub Hüseynov bildirir ki, istehlakçıların artıq Azərbaycan baytarlarına heç bir inamı qalmayıb. Ona görə də, küçələrdə heyvanların kəsilməsinə tələb yaranır: "Hətta bazarlarda, küçələrdə, insanların gözü qarşısında kəsilən heyvanların da heç biri ekspertizadan keçirilmədən istehlakçıya satılır. Mən dəfələrlə şahidi olmuşam ki, Bərdə bazarından, Sabirabadda məcburi köçkünlərin bazarından və digər bazarlardan onlarla heyvanlar maşınlara yığılaraq, heç bir yoxlamadan keçmədən, qan analizi götürülmədən, baytarlıq dərmanlarının qalıqları müəyyən olunmadan saxta kağızlar alınır və Bakıya gətirilib guya sanitariyadan keçirilməsi barədə kağız alınaraq kütləvi satış məntəqələrində satılır. Onların bir hissəsi marketlərə göndərilir".
"Leşyığanlar"
Mİl-Muğan və Qarabağ bölgəsindən Bakıya
murdar ətlər gətirir
Eyyub Hüseynov deyir ki, Azərbaycanda bu sahədə dünyanın heç bir ölkəsində baş verməyən hadisələr baş verir. Bu hadisə xüsusən də Azərbaycanın qərb bölgəsində sürətlə baş verir: "Mil-Muğan və Qarabağ zonasında ölmüş, murdar olmuş malların cəsədləri bəzi insanlar tərəfindən yığılaraq Bakıya gətirilir. Bu insanlara "leşyığanlar" deyirlər. Bu insanlar murdar olub çölə atılan cəsədləri yığır və yaxud mal sahibindən ətin kiloqramını 1 manatdan alıb Bakıya gətirirlər". Eyyub Hüseynov deyir ki, bu cür murdar ətlərin satış şəbəkəsi də məlumdur. Azad İstehlakçılar Birliyi bu şəbəkəni ifşa etmək məqsədilə dövlət orqanları qarşısında məsələ qaldırıb: "Dünyanın heç bir ölkəsində murdar ətlər yeyilmir. Azərbaycanda bu ətlərin yeyilməsinə dair faktlar var, dövlət orqanlarına məlum olduğu kimi, bizə də məlumdur.
"Mən gecə saat 2-3 radələrində həmin ətlərin gətirildiyi yerləri görmüşəm və bu barədə birbaşa rəsmi halda dövlət orqanlarına məlumat vermişəm. Həmin dövlət orqanları mənə"çox sag ol" cavabı yazmaqla kifayətləniblər. Ortada heç bir nəticə olmayıb". Bunu da Eyyub Hüseynov deyir. Onun sözlərinə görə, murdar ət şəbəkəsinin ifşası üçün Azad İstehlakçılar Birliyi dövlətin bir neçə qurumu ilə birlikdə fəaliyyət göstərməyə bir neçə dəfə cəhd edib. Amma, cəhdləri uğursuz alınıb: "Məqsədimiz polisi, İqtisadi İnkişaf Nazirliyini, Kənd Təsərrüfatı Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsini birgə bu işə cəlb etmək idi. Lakin, bu mümkün olmadı. Polis dedi ki, onlar yalnız bizim təhlükəsizliyimizi qoruya bilər, ətin murdar olmasının onlara aidiyyəti yoxdur. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi dedi ki, onlar ətdən yalnız nümunə götürüb ekspertizaya göndərə bilər, başqa səlahiyyətə malik deyil. Kənd Təsərrüfatı Nazirliyi dedi ki, onlar ətin tərkibində yalnız baytarlıq dərmanlarının qalıqlarının səviyyəsini yoxlaya bilər.
Birbaşa bazara nəzarət etməyə borclu olan İqtisadi İnkişaf Nazirliyi isə dedi ki, onlar sahibkarlıq subyektində yoxlama aparmaq üçün həmin obyektin VÖEN-i olmalıdır. Əks halda onlar heç bir tədbir görə bilməzlər. İqtisadi İnkişaf Nazirliyi deyir ki, sahibkarın VÖEN-i olmalıdır ki, həmin VÖEN Ədliyyə Nazirliyinə göndərilə, ondan sonra həmin obyektdə yoxlama aparıla. Bu cür insanları ifşa etmək üçün hökümətin kordinasiya olunmuş qurumlarının kordinasiya olunmuş fəaliyyətinə nail ola bilmirik. Hökümət qurumları istehlakçı hüquqlarını qorumaq, bazarı təhlükəli mallardan azad etmək, insanlar arasında yoluxucu xəstəliklərin qarşısını almaq, heyvan xəstəliklərinin insanlara sirayət etməsinin qarşısını almaq üçün birgə fəaliyyət göstərmir. Əlbəttə bunun səbəbi Azərbaycanda istehlakçı hüquqlarını qoruyan qanunvericilik bazasının mükəmməl olmamasıdır və bu qanunları icra edən dövlət orqanlarının səmərəsiz fəaliyyətidir".
Broyler fabriklərində məhsullar təhlükəli
materiallarla
qablaşdırılır
Eyyub Hüseynov deyir ki, bu gün Azərbaycandakı broyler fabriklərində də olduqca təhlükəli proseslər gedir: "Bu sahədə də problem yaşanır. Azad İstehlakçılar Birliyi olaraq biz Avropa İttifaqının direktiv sənədlərini və Türkiyə İstanbul Universitetinin araşdırmalarını əldə etmişik. Məlum olub ki, Azərbaycanda ətlərin bükülməsində və broyler fabriklərində quş ətlərinin qablaşdırılmasında istifadə olunan strec kilimlərin Azərbaycanda istifadə olunan variantları çox təhlükəlidir və polivinin xlor əsaslıdır. Bu materiallar Koreya və Çindən Azərbaycana gətirilir və istifadə olunur. Əslində həmin materialın qida sənayesində istifadəsi təhlükəlidir. Lakin, Azərbaycanın demək olar ki, bütün broylerlərində bundan istifadə olunur. Biz bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi qarşısında məsələ qaldırmışıq. Nazirlik bütün broyler fabriklərinə rəsmi müraciət edib ki, həmin materialdan imtina edilsin. Lakin, hələ də broyler fabrikləri bundan istifadə edirlər".
Broylerlər ölmüş
toyuq ətləri satır
Eyyub Hüseynov broyler fabriklərindəki daha bir faktı açıqlayır. Onun sözlərinə görə, bu fabriklər hətta ölmüş, murdar olmuş toyuqları da satışa çıxarırlar: "İstehlakçılardan gələn zənglər əsasında məlum olur ki, broylerlərin satışa çıxardıqları kiçik çəkili toyuqlar əslində murdar olmuş toyuqlardır ki, onlar müəyyən həddə çatmamış ölür, broylerlərdə ölmüş toyuqlar təmizlənib qablaşdırılır və satışa çıxarılır. Azərbaycanın ət sektorunda, o cümlədən birbaşa qablaşdırılmamış, sadəcə sellofana bükülmüş və heç bir etiketi olmayan "kənd toyuğu" adı ilə toyuqlar da satılır. Azad İstehlakçılar Birliyinin araşdırmaları zamanı məlum olub ki, Maştağa qəsəbəsində və ölkənin bir neçə yerlərində bu cür gizli və qapalı broyler sexləri var. Həmin sexlər "kənd toyuğu" adı altında öz mallarını satışa çıxarır. Həmin toyuqlar anti-sanitar şəraitdə kəsilir, yolunur, hansısa kimyəvi maddədə yuyulur ki, ətin rəngi saralsın. Bunlar hamısı insan həyatı üçün təhlükəlidir".
Azərbaycanda
dönərlərin
85 faizi standartlara uyğun deyil
Eyyub Hüseynov deyir ki, bu gün Bakıda tələbat çox olan dönər istehsalında da problemlər var: "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 3 ay öncə dönərlər üzrə standartlar qəbul edib. Amma bu gün Azərbaycanda hazırlanan dönərlərin 95 faizi həmin standartlara cavab vermir, standartın tələbləri yerinə yetirilmir. Baxmayaraq ki, dönər ətlərini mərkəzləşmiş halda, ən ekoloji halda saxlayan və hazırlayan qurum da mövcuddur. Azad İstehlakçılar Birliyi həmin qurumu nəzarətdə saxlayır. Həmin qurum Rusiya və Ukraynadan sağlam heyvanlar gətirir, əti yüksək səviyyəli yerlərdə saxlayır və təmiz vəziyyətdə dönərxanalara verir. Bu ümumilikdə dönərlərin qiymətinə də çox az təsir edir. Belə olan halda bəs nə üçün Azərbaycan dönərxanalarının 85 faizi standartlara uyğun olmayan dönərlər bişirir və insanları zəhərlənməyə məruz qoyur? Məlum olur ki, ölkədə sanitar orqanların, bazara nəzarət edən qurumların fəaliyyəti qanunlara uyğun qurulmayib, istehlakçı hüquqları qorunmur. İnsanlar da artıq standartlara uyğun olmayan mallara tələbatı artırır".
Samir Əli
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22