Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start verilib.
"Unikal" xəbər verir ki, günün yeganə qarşılaşması Tovuzda “Kəpəz” və “Sumqayıt” komandaları arasında keçirilib.
Tovuz şəhər stadionunda oynanılan görüşdə qalib müəyyənləşməyib – 1:1. Hesabı 20-ci dəqiqədə qonaqlar açıblar. “Gənclik şəhəri” təmsilçisinin heyətində Roi Kehat fərqlənib. Nominal meydan sahibləri 43-cü dəqiqədə Georgi Papunaşvilinin vurduğu qolla hesabı bərabərləşdiriblər.
Bu nəticədən sonra xallarını 24-ə çatdıran “Sumqayıt” üçüncü, 14-cü xalını qazanan “Kəpəz” isə 9-cu sırada qalıb.
Qeyd edək ki, turun “Səbail” – “Qəbələ” və “Araz-Naxçıvan” – “Sabah” oyunları dekabrın 15-də, “Turan Tovuz” – “Zirə” matçı dekabrın 16-da, “Qarabağ” – “Neftçi” görüşü isə dekabrın 18-də keçiriləcək.