Azərbaycanın kişilik simvolu
20:43 20-04-2013
CƏMİYYƏT
Azərbaycanın kişilik simvolu
Qaçaq Nəbi və Həcərə çamur atanlara söz ardı
Son zamanlar Azərbaycanda qəribə bir proses baş verir. Sanki bir mərkəzdən idarə olunurmuş kimi ya Azərbaycan xalqı bütövlükdə təhqir edilir, gah hansısa tarixi şəxsiyyətlər, xalqın dəyər verdiyi insanlar sözün həqiqi mənasında aşağılanır.
Bir müddət öncə yazar Həmid Herisçi Cəlil Məmmədquluzadəni oğurluqda ittihamladı, bir neçə gənc yazar Nizami Gəncəvinin fars yazıçısı olmasını iddia etdi, Əkrəm Əylisli erməniləri tərifləyərək Azərbaycan xalqını qəddarlıqda ittiham etdi.
Yəqin ki, bu proses hələ də davam edəcək. Sonuncu olaraq bu sıraya qatılan isə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu oldu. Partiya sədri mətbuata müsahibə verərək Səməd Vurğunu "dılğır" adlandırdı. Fikrini isə bununla əsaslandırdı ki, O,Məmmədəmin Rəsulzadəni təhqir edib, Şaumyanı isə tərifləyib.
Partiya sədri bununla kifayətlənməyib. Həmçinin tarixi simvolumuza çevrilən Qaçaq Nəbinin həyat yoldaşı Həcər xanımı da əxlaqsızlıqda günahlandırıb: "Deyirlər ki, Azərbaycan qadınlarının əsas simvolu Həcərdir, Nigardır. Həcər rəsmən 7 ərə gedib, bunun ikisi erməni olub". Azərbaycanda prezidentliyə iddialı olan bir partiya sədrinin bu cür açıqlama verməsi isə, sözsüz ki, birmənalı qarşılana bilməz. Ən azından ona görə ki, Sərdar Cəlaloğlu Həcəri aşağılamaqla Azərbaycan qadınlığını, Qaçaq Nəbi olaraq qəbul etdiyimiz bir simvolu təhqir edib. Əslində Həcərin bu gün bu formada təhqir olunması milli dəyərlərə toxunmaqdır.
Məhşur psixoloq Eyzinbert bir toplumun sıradan çıxarılması baxımından maraqlı bir nəzəriyyə irəli sürmüşdü. Bu nəzəriyyənin ümumilikdə mahiyyəti bundan ibarətdir ki, öncə toplumda özünəinamsızlıq yaradılmalı, daha sonra natamamlıq kompleksi formalaşdırılmalı, daha sonra isə tarixi saxtalaşdırılmalıdır. Bundan sonra isə tarixdə olan şəxsiyyətləri aşağılamalı, ya da onların başqa millətdən olmaları haqqında rəy yaradılmalı, ya da sadəcə olaraq bu şəxsiyyətlər təhqir edilməlidir.
Eyzinbert hesab edirdi ki, bu işi isə elə toplumun öz içində olan insanlar etməlidir ki, daha keyfiyyətli nəticələr əldə edilsin.
Bu gün Azərbaycanda nə baş verir? Sərdar Cəlaloğlu bir açıqlaması ilə Həcəri təhqir etməklə Azərbaycan qadınlığına zərbə vurur, Səməd Vurğunu təhqir etməklə də Azərbaycan ziyalılığına ağır zərbə vurur. Mərdlik simvolu olan Qaçaq Nəbinin həm də silahdaşı olan Həcərin adını erməni kişilərlə bir yerdə çəkmək sadəcə olaraq bu toplumun əxlaqına və mədəniyyətinə zərbə vurmaq kimi bir şeydir.
Hamı bilir ki, azərbaycanlılar, əsasən də ermənilərlə sərhəd bölgədə yaşayan insanlar, o cümlədən qubadlılar hər zaman ermənilərlə düşmən mövqedə olublar və hansısa qohumluqdan danışmaq sadəcə mümkünsüzdür. Bəs nədən Həcərin adı bu şəkildə çəkilir və ermənilərlə əlaqədən danışılır?
Bu, əslində həm də azərbaycanlıların aşağılanmasından başqa bir şey deyil. Təsəvvür edin, qəhraman dediyimiz bir insanı erməni ayaqları altına atırlar. Bu isə, sözsüz ki, toplumun psixologiyasına, milli dəyərlərinə ağır zərbədir. Çox təəssüflər ki, bu zərbəni bir partiyanın sədri vurdu.
Ən gülməlisi isə budur ki, illərboyu ermənilər olmayan yerdən özlərinə qəhrəmanlar yaradaraq Azərbaycan torpaqlarını işğal etdilər, Sərdar Cəlaloğlular isə real qəhrəmanlarımızı təhqir etməklə bu günkü duruma düşməyimizə bais oldular.
Sərdar Cəlaloğlu və digərləri, ən azı, bunu anlamalı idilər ki, Qubadlıdan olan Qaçaq Nəbi, Həcər kimi Qubadlı uğrunda son gülləsinə qədər döyüşüb şəhid olan insanlarımız da simvola çevrilir.
İlkin Rzazadə
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22