Misli Premyer Liqasında 2023/24 mövsümünün qış çempionu bəlli olub.
"Unikal" xəbər verir ki, buna 17-ci turun “Turan Tovuz” – “Zirə” matçının (1:0) nəticəsi səbəb olub.
Bakı klubunun məğlubiyyətindən sonra “Qarabağ”ın qış fasiləsinə birinci yerdə yollanacağı dəqiqləşib. 35 xalı olan Qurban Qurbanovun yetirmələri ikinci sırada qərarlaşan “Zirə”ni 6 xal qabaqlayır.
“Qarabağ” tarixində 10-cu dəfə yeni ili lider kimi qarşılayacaq. Ağdam klubu 2004/05, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2019/20, 2021/22 və 2022/23 mövsümlərinin ilk yarısını da zirvədə tamamlayıb. Bununla da “Qarabağ” yeni rekorda imza atıb.
“Neftçi” doqquz (1994/95, 1996/97, 2000/01, 2001/02, 2003/04, 2010/11, 2011/12, 2018/19, 2020/21), “Kəpəz” (1993/94, 1997/98, 1998/99) və “Şamaxı” (2008/09, 2009/10, 2012/13) hərəyə üç, “Xəzri” (1995/96), “Şəmkir” (1999/2000), “Karvan” (2005/06), "Xəzər Lənkəran" (2006/07) və “Şüvəlan”ın (2007/08) bir belə uğuru var.
Qeyd edək ki, 1992 və 1993 mövsümləri yaz-payız sistemi ilə keçirilib.