Baş ofisi İsveçrədə yerləşən tanınmış beynəlxalq təhsil mərkəzi EF (Education First) dünya ölkələrində ingilis dili biliyi ilə bağlı araşdırmanın nəticələrini dərc edib.

"Unikal" xəbər verir ki, 113 ölkə və regionda standartlaşdırılmış EF İngilis dili testlərindən keçən 2,2 milyon yetkin şəxsin nəticələri təhlil edilib. Azərbaycan dünyada 83-cü, Avropada isə sonuncu yeri tutub. Azərbaycan Misirlə 83-cü yeri bölüşür.

Azərbaycanın irəlidə olduğu ölkələr sırasında Yaponiya, Meksika, Tailand və Səudiyyə Ərəbistanını xüsusi qeyd etmək lazımdır. Postsovet məkanında 15 ölkədən 13-də (Latviya və Türkmənistan istisna olmaqla) tədqiqatlar aparılıb. Azərbaycan sakinləri ingilis dilini bilmələrinə görə qırğızları, özbəkləri, qazaxları və tacikləri qabaqlayaraq 9-cu yeri tuturlar.

Avropada EF 34 ölkəni təhlil edib. Azərbaycan 34-cü göstəriciyə malikdir. Qeyd edək ki, Avropa reytinqində yuxarıda adı çəkilən Latviya ilə yanaşı, bəzi Balkan ölkələri və Kipr də yer almayıb.

2022-ci ildə olduğu kimi yenə 1-ci yeri Niderland sakinləri tutub. İlk beşliyə Sinqapur, Avstriya, Danimarka və Norveç də daxil olub. Keçmiş SSRİ ölkələri arasında Litva liderdir. Estoniya ondan bir qədər geridədir.