2024-cü ilin ilk günlərində Qərbin maliyyələşdirməsi olmasa, Ukrayna daxili borclanmaya əl atmaq məcburiyyətində qalacaq.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Volodimir Zelenskinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko deyib.

"Əgər maliyyə dəstəyi yanvarın ilk günlərində gəlməsə, bu o deməkdir ki, biz B planına keçməliyik. B planı çoxsəviyyəli ola bilər, amma inanıram ki, ilk mərhələdə kapital götürmək və daxili bazarda vəsait əldə etmək üçün daxili bazara üz tutmaq kifayətdir”, - deyə o bildirib.

Eyni zamanda Ustenko etiraf edib ki, hadisələrin bu cür inkişafı əlavə gərginliyə səbəb olacaq: 

"Bu, çox çətin olacaq, təbii ki, bu, Maliyyə Nazirliyində əlavə gərginlik və hətta əsəbilik yarada bilər, çünki onlar ölkənin büdcəsinə cavabdehdirlər. Lakin bu, yanvar ayı ərzində vəziyyəti həll etməyə imkan verəcək".