Almaniya hökuməti Gürcüstanla miqrasiya haqqında saziş imzalayır və bu məqsədlə Almaniya Daxili İşlər Nazirliyinin rəhbəri Nensi Fesserin gələn həftə Tbilisiyə gələcəyi gözlənilir.

"Unikal" xəbər verir ki, bu barədə Almaniyanın “Spiegel” nəşri yazır.

Nəşrin yazdığına görə, sözügedən saziş deportasiya prosesinin daha da sadələşdirilməsini nəzərdə tutur, lakin Almaniyaya gedən Gürcüstan vətəndaşları kriteriyalara cavab verərsə, daha tez sığınacaq alacaqlar, yəni onların işlərinə daha qısa müddətdə baxılacaq.

"Biz bacarıqlı immiqrasiyanı təşviq edirik və eyni zamanda, Almaniyada qalmaq hüququ olmayan insanların geri göndəriləcəyi ilə bağlı məcburi razılaşmamız var", - Almaniyanın daxili işlər naziri  bildirib.

Xatırladırıq ki, bir neçə gün əvvəl Almaniya Federal Şurası Gürcüstan və Moldovanı təhlükəsiz ölkələr kimi tanıyıb. Bu qərar o deməkdir ki, bu ölkələrin vətəndaşlarının sığınacaq üçün müraciətlərinə daha tez baxılacaq və əksər hallarda rədd edilə bilər. Məhz təhlükəsiz ölkə statusuna görə Berlində Gürcüstan vətəndaşlarının siyasi təqiblərə məruz qalmadığını deyirlər.

“Bu saziş qeyri-qanuni miqrasiyanın effektiv məhdudlaşdırılması istiqamətində növbəti addımdır. Sığınacaqla bağlı müraciətlərin qəbulu nisbəti 0,3% təşkil edir”, - Almaniyalı nazir qeyd edib.