"Ermənistanla Azərbaycan arasında sülh təşəbbüsü konkret nəticələr verdi".
"Unikal" xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili 2023-cü ilin yekunları hesabatını təqdim edərkən deyib.
O qeyd edib ki, Gürcüstan hökuməti regiondakı tərəfdaşları olan Ermənistan, Azərbaycan və Türkiyə ilə sıx dostluq münasibətləri saxlayır.
“Biz əlbəttə ki, regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olmasında maraqlıyıq. Gürcüstan bu məqsədə çatmaqda mühüm töhfə verir. Bir müddət əvvəl Ermənistan və Azərbaycanın baş nazirləri Gürcüstanda idilər və bizim üçtərəfli görüş keçirmək üçün unikal imkanımız oldu.
Hesab edirəm ki, bu, bizim əldə etdiyimiz maraqlı presedent idi”, - baş nazir qeyd edib.
Qaribaşvili xatırladıb ki, qonşu ölkələr arasında intensiv səfərlər həyata keçirilib. “Mən bir neçə dəfə Azərbaycanda olmuşam, Azərbaycan prezidenti və Ermənistanın baş nazirləri Gürcüstanda olublar, Türkiyə ilə strateji tərəfdaşlığı və əməkdaşlığı yüksək səviyyədə davam etdiririk”.