Bakı şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya”sının (CACFish) növbəti 8-ci Sessiyası öz işinə başlayıb.

"Unikal" xəbər verir ki, iki gün davam edəcək sessiyanın gündəliyində dayanıqlı inkişaf məqsədləri kontekstində su hövzələrinin və  su bioloji resurslarının davamlı idarə olunması yollarının müzakirəsi, region ölkələrinin daxili su hövzələrində balıq ehtiyatlarının öyrənilməsi, balıqçılıq təsərrüfatlarının idarə edilməsi üzrə regional prinsiplərin hazırlanması və sənədlərin qəbulu nəzərdə tutulub.

Sessiyada Azərbaycan, Türkiyə, Qırğızıstan və Tacikistan  Komissiyanın üzvləri qismində, Rusiya, Özbəkistan, Gürcüstan, Ukrayna, Qazaxıstan və Monqolustan isə müşahidəçi qismində təmsil olunur.

Tədbirdə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri, Dövlət Su Ehtiyatları, Azərbaycan Qida Təhlükəsizliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliklərinin sədrləri və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi iştirak edir.