Azərbaycan və Türkiyənin əlaqələri digər ölkələrə nümunədir.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz "İş dünyasının görüşü" adlı tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycan və Türkiyənin dərin münasibətlərinin ən böyük göstəricisi qarşılıqlı səfərlərimizin çoxluğudur.
“Biz istəyirik ki, "Bir millət, iki dövlət" şüarı ilə inkişaf edən bu münasibətlər iqtisadi sahədə də özünü güclü bir şəkildə göstərsin. Ürəkdən inanırıq ki, Azərbaycanla Türkiyənin inkişaf etdirdiyi bu münasibətlər bütün Qafqaz üçün rifah, inkişaf və daha gözəl gələcək deməkdir”,- deyə C.Yılmaz vurğulayıb.
O bildirib ki, dünya iqtisadiyyatı yaxşı vəziyyətdə deyil.
“Beynəlxalq iqtisadiyyat əvvəlki vəziyyətinə qayıtmayıb. Dünyada ticarət həcmi azalıb. Amma biz bilirik ki, çətin şərtlər fürsətlər ortaya çıxarır. Biz istəyirik ki, daha çox iş adamı Azərbaycana gəlsin və daha çox iş adamı Türkiyəyə getsin və bu münasibətlər daha da güclənsin”,- deyə C.Yılmaz bildirib.
Qeyd edək ki, Bakıda Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın iştirakı ilə “İş dünyasının görüşü” adlı tədbir keçirilir.
“Türkiyə Yüz İli Birlik və Həmrəylik Platforması Azərbaycan” tərəfindən təşkil olunan tədbirdə Azərbaycanda fəaliyyət göstərən iş adamları iştirak edirlər.
Xatırladaq ki, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz dekabrın 19-20-də Azərbaycanda səfərdə olacaq.
C.Yılmazın səfər çərçivəsində bir sıra görüşlər keçirməsi gözlənilir.