Keçmiş müttəfiqlər savaşa başladı
20:33 23-04-2013
CƏMİYYƏT
Keçmiş müttəfiqlər savaşa başladı
Prezident seçkiləri yaxınlaşdıqca AXCP və Müsavat partiyaları arasında vahid namizəd məsələsində savaş artıq gizlədilməsi mümkün olmayan ciddi münaqişəyə çevrilməkdədir. Belə ki, artıq hər iki partiyanın funksionerləri yalnız onların partiyasının sədrinin prezidentliyə namizəd ola biləcəyi haqqında fikirləri və buna əks-fikirlər müxalifət mətbuatının gündəmini tutur.
AXCP funksionerləri hesab edirlər ki, bu gün Azərbaycanda baş verən siyasi proseslər də, Azərbaycanın ictimai rəyi də, sosioloji sorğuların nəticələri də göstərir ki, AXCP ana müxalifətdir, liderinin də böyük reytinqi var.
Elə bu səbəbdən də onlar hesab edirlər ki, Əli Kərimlinin prezidentliyə namizədliyi veriləcək və onun ən şanslı namizəd kimi ortaya çıxacağına əmindir. Yəni bu seçkilərdə AXCP başqa namizədi müdafiə etməyəcək. Onların fikrincə, AXCP-nin gücü, liderin nüfuzunu nəzərə almaqla qarşıdan gələn prezident seçkilərində tam şəkildə qələbə çalacaqları mümkündür.
Təbii ki, bu cür izahatlar Müsavat partiyasının funksionerləri tərəfindən kəskin etirazla qarşılanıb.
Onlar hesab edirlər ki, uzun illərdir Azərbaycanda ana müxalifət kimi Müsavat Partiyası tanınır. Müsavat təmsilçiləri də partiyalarının ölkədə ana müxalifət partiyası olduğunu vaxtaşırı vurğulayırlar.
Eyni zamanda təcrübəyə əsaslanaraq başqan İsa Qəmbərin protest elektoratın əsas namizədi olduğunu birmənalı şəkildə söyləməkdən çəkinmirlər. İndi isə seçkiyə 6 ay qaldığı vaxtda AXCP-çilərin məlum mövqeyi müsavatçılarda siyasi allergiya doğurur.
Arif Hacılının “Unkal”a bildirdiyinə görə, “Biz 1995-ci ildən indiyə qədər bütün seçkilər ərəfəsində bir çox partiyaların nümayəndələrinin onların partiyalarının Azərbaycanda ən güclü olduğu, namizədinin ən reytinqli olduğu barədə bəyanatlarını həmişə görmüşük.
Azərbaycan müxalifətinin bütün nümayəndələrinin iştirak etdiyi 2003-cü il prezident seçkiləri ərəfəsində də müxalifətdən olan bütün namizədlər onların reytinqinin hamıdan çox olduğunu bəyan edirdilər.
Ancaq nəticə etibarilə müxalifətin üzdə olan demək olar ki, bütün simalarının iştirak etdiyi seçkilərdə İsa Qəmbər onların birlikdə topladığı səslərdən dəfələrlə çox səs alması o fikirlərin əsassız olduğunu təsdiq etdi. Düşünürəm ki, 2013-cü il prezident seçkiləri də bu baxımdan istisna olmayacaq”.
Atlas Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun “Unkal”a bildirdiyinə görə, “AXCP ilə Müsavat partiyasının siyasi rəqiblərə çevriləcəyi gözlənilən idi və bu barədə mən əvvəllər də proqnozlar vermişdim. Ən xoşagəlməz situasiya bundan ibarətdir ki, bu partiyalar arasında müşahidə edilən konfliktlər klassik meyarlar baxımından yanaşanda siyasi-ideoloji məzmun kəsb eləmir, sırf şəxsi ambisiyaların və qrup maraqlarının təzahürüdür. Bu iki partiya arasında üzə çıxan konfliktə son qoymaq üçün vaxtilə təklif etmişdim ki, dünya praktikasında uğurla özünü doğruldan ilkin seçkilər modelindən istifadə edilsin. Lakin bu modeli partiyaların heç biri qəbul etmədi”.
Politoloqun sözlərinə görə, “Prezident seçkilərinə yaxınlaşdıqca onlar arasındakı qarşılıqlı ittihamlar və tənqidlər daha da intensivləşəcək. Çox güman ki, yaxın illərdə onların bir daha eyni format daxilində əməkdaşlıq etməsi mümkün olmayacaq”.
Adil Həsənli
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22