İsmayıl Ömərovun “ofsayd”a salınması ilə bağlı yeni iddia
20:34 23-04-2013
CƏMİYYƏT
İsmayıl Ömərovun “ofsayd”a salınması ilə bağlı yeni iddia
İTV “şef”i gənclər və idman nazirinin “qurban”ı olub?
Novruz bayramı günlərində teleradio rəhbəri “yoxlama şoku” yaşayıbmış
İsmayıl Ömərovun yeni müddətə İctimai Televiziya və Radio Yayımları Şirkətinin başında olmayacağı dəqiqləşdi. Ömərovun “ofsayd”a salınacağını hələ çox əvvəl “Unikal” olaraq biz yazmışdıq, səbəblərini (rəhbərlik etdiyi quruma ayrılan vəsaitlərlə bağlı korrupsiya şübhəsi, özünün və qardaşının tikinti şirkətləri ətrafında davamlı qalmaqallar yaranması və s.) yazdıqlarımız da artıq göründüyü kimi özünü doğruldub.
Bununla belə, İTV rəhbərinin “vurulması”nın başqa səbəbləri də ortaya çıxmaqdadır. Həmin səbəblərdən biri kimi isə Ömərovun Gənclər və İdman naziri Azad Rəhimovla açıq qovğası göstərilir. Bildirilir ki, Azərbaycan Eurovision-un qalibi olduqdan sonra, qaliblərin ölkə rəhbərliyi ilə görüşünə İsmayıl Ömərov dəvət edilməyib. Həmin görüşdə Nigar və Eldardan başqa, Azad Rəhimov iştirak edib. Bu da İTV rəhbəri ilə nazir arasında ixtilafın kulminasiya nöqtəsi olub.
Ardınca isə İsmayıl Ömərovun “dışlanması” prosesi tam sürətlə davam edib. Bəzi məlumatlara görə, Bakıda keçirilən “Light your fire” müsabiqəsinin yarımfinallarından biri zamanı tədbirin keçirildiyi “Kristal Hall”un həyətinə təhlükəsizlik tədbirləri bəhanəsiylə Ömərovun maşını buraxılmayıb. Bundan qəzəblənən baş direktor maşınını sürüb gedib. Ömərov həmçinin yarımfinalların birində iştirak etməyib.
İsmayıl Ömərovun daha bir fiaskosu onun öz nəvəsi Ömər Sultanovu “Junior Eurovision - 2012” Mahnı Müsabiqəsində ölkəmizi təmsil etmək üçün seçdirməsi olub. Bu faktın üstünün açılmasından sonra İTV “şef”i ilə iplərin qoparılması zamanı gəldiyi qətiləşib.
Bundan başqa, İTV kollektivinin Evrovison komandasının dağılmasının da Ömərova zərbə olduğu deyilir. Bildirilir ki, komandanın tərkibindən peşəkar jurnalist Gülşən Əliyeva, Evrovisionun Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Adil Kərimov, İTV-nin bədii rəhbəri Orman Çingizoğlu, ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Tahir Abbaslı (sonradan qaytarıldı) və Leyla Əliyeva (o, tam kənarlaşdırılmasa da, Musiqili Verilişlər Departamentinin müavini vəzifəsindən çıxarılaraq “Yeni gün” proqramına adi redaktor təyin edildi). Evrovision tədbirlərinin məşhur aparıcısı olan Hüsniyyə Məhərrəmova da artıq İsmayıl Ömərovla çalışa bilməyərək işdən getmək haqqında ərizəsini yazıb.
Bütün bunlar isə İTV kollektivində faktiki parçalanmaya gətirib çıxarıb. "Ovqat" verilişinin aparıcısı Səyyarə Səyyaf, Hüseyn Azəri, Elnurə Cavadzadə, Vüsalə Kərimova kimi tanınmış və o qədər də məşhur olmayan digər sıravi jurnalistlərin, texniki işçilərin bezdirilərək teleradiodan uzaqlaşdırılması İsmayıl Ömərov haqqında əlaqədar orqanlara çoxsaylı şikayətlərin yazılmasına gətirib çıxarıb.
press24.az saytı başqa bir ilginc iddia ilə çıxış edib. Saytın yazdığına görə, bu il martın 19-da, yəni bayram günləri ilə əlaqədar son iş günündə gözlənilməz şəkildə vergi əməkdaşları yoxlama niyyəti ilə İTV-nin qapılarını döyüblər. Amma İsmayıl Ömərov onların şirkətin ərazisinə daxil olmasına qadağa qoyub, səbəb kimi isə vergi hesabatlarının verilmə günü olmadığı bildirilib. Vergi əməkdaşlarının təkidli israrı ilə onlar şirkətə daxil olub və bir gün içərisində qısa yoxlama apararaq şirkətin maliyyə hesabatlarını özləri ilə aparıblar. İTV-nin nəzdində fəaliyyət göstərən binaların tikintisi ilə bağlı sənədlər də onların içərisində olub. Bununla əlaqədar olaraq, Ömərov İTV-nin mühasibat, reklam, ümumi şöbənin bütün işçilərini qeyri-iş, yəni bayram günləri təcili olaraq işə çağırıb və onlar bütün bayram günlərini işdə keçirməli olublar. Bayram bitən kimi, ilk iş günü sayılan martın 27-si vergi əməkdaşları yenidən İTV-yə gələrək yoxlamalara başlayıblar. Nəzərinizə çatdıraq ki, İTV-də yoxlamalar hələ də gedir və bu iş mayın 6-sı başa çatacaq.
Bəzi iddialara görə, İTV-nin daxilində artıq gizli çaxnaşma başlayıb. Hətta Ömərova özünü sadiq kimi göstərən insanlar yeni təyin olunacaq baş direktorun kimliyi ilə bərk maraqlanaraq ona yaxınlaşmaq üçün yollar axtarırlar. Hər halda, yeni rəhbərliklə işləyəcək köhnə komanda nümayəndələrinin adlarından onların İsmayıl Ömərova sədaqətinin göstəricisi bəlli olacaq.
Ülviyyə Qasımlı
P.s. İsmayıl Ömərov dünən kollektivlə vidalaşaraq kanalı tərk edib
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22