Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlarda iştirak edən Fransa kəşfiyyatçılarının Azərbaycanda geniş şəbəkəsi aşkarlanıb.
"Unikal" xəbər verir ki, bu barədə “İdentifikator” nəşri öz mənbələrinə istinadən yazıb.
Qeyd olunur ki, bir müddət əvvəl Azərbaycan ərazisində Fransanın “tərəfdaşları” kimi tanınan ölkələrin nümayəndələrinə qarşı çox inamlı və sakit şəkildə kəşfiyyat fəaliyyəti həyata keçirən Fransa səfirliyinin daxili bölməsi aşkar edilib. Eyni zamanda, rezidentura geniş əlaqələrdən istifadə edərək region ölkələrində fəal şəkildə hərəkət edib, yeni vəzifələr formalaşdırıb və təsir dairəsini genişləndirib.
İstintaq bir-biri ilə əlaqəli şəxsiyyətlər şəbəkəsini açmağa imkan verən çox maraqlı məqamlara gətirib çıxarıb. Uzun illər Fransa kəşfiyyatının ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri könüllü olaraq Azərbaycanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq təşəbbüsü ilə çıxış edib.
Onun əməkdaşlığı nəticəsində Azərbaycanda xidmət etmiş, fəaliyyətlərini davam etdirən, bəziləri isə hazırda bir sıra qonşu dövlətlərdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən onlarla fransız məxfi agent ifşa edilib. Bununla yanaşı, Azərbaycan xüsusi xidmət orqanlarına Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyəti ilə bağlı sübut və sənədlər təqdim olunub.
Bundan başqa, məlum olub ki, Azərbaycanın xüsusi xidmət orqanlarının apardığı cinayət işi ilə bağlı Ukrayna, Gürcüstan və Azərbaycanla bağlı kəşfiyyat fəaliyyəti həyata keçirmiş bir sıra şəxslər həbs edilib.
Mənbənin fikrincə, bu uğursuzluğun miqyası Fransa kəşfiyyatının imicinə ciddi zərbə vuracaq. Lakin Azərbaycan tərəfi məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Eyni zamanda, ötən gün yayılanan xəbərlərdə Fransa Prezidenti Emmanuel Makronun Fransa Müdafiə Nazirliyinin (DGSE) Xarici Təhlükəsizlik Baş İdarəsinin direktoru Bernard Emyeri vəzifəsindən azad etdiyi bildirilib. Xatırladaq ki, B.Emyer bu ilin aprelində Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşmək üçün Minskə səfər etmişdi.
Afrika və Cənubi Qafqaz regionunda kəşfiyyatın uğursuzluğundan sonra onun mümkün istefası müzakirə edilməyə başlanılmışdı. Hələ 2023-cü ilin avqustunda E.Makron Fransa xarici kəşfiyyatının rəhbərinə qarşı narazılığını ifadə etmişdi. Buna səbəb B.Emyerin fəaliyyətinin Parisin Afrika və Şərqi Avropadakı mövqelərinə zərbə vurması olub.
Maraqlıdır ki, Daxili Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik edən Nikolya Lerner Fransa Baş Qərargahının rəhbəri təyin edilib.