Bu gün səhər saatlarında Qaradağ rayonundan Laçına yollanan ailələr Zabux kəndinə çatıb. Ailələr doğma kəndlərində olan evlərinin açarlarını təhvil alıb və sevinc hissi ilə evlərində məskunlaşıblar.

"Unikal" xəbər verir ki, Laçın rayonunun Zabux kəndi bu gün 30 ailəyə qucaq açıb və daha 121 nəfərin yurd həsrəti bitib.

Yeni köçən ailələr böyük coşqu ilə qarşılanıblar, illərdir həsrətini çəkdikləri yurdlarının gözəl mənzərəsini seyr ediblər. Daha da gözəlləşən və abadlaşan Zabuxa qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Bugünkü köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Açarların təqdim edilməsi mərasimində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, deputat Mahir Abbaszadə və digər şəxslər iştirak ediblər.

Ailələr sevinc hissi ilə açarları təhvil alaraq evlərində məskunlaşıblar. Bununla da Zabux kəndində 176 ailənin, yəni 688 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, Zabux sakinləri üçün öz doğma kəndlərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən evlərdə yaşayış üçün bütün şərait yaradılıb.

 

*** 18:07

Bakı şəhərinin Qaradağ rayonundan Laçının Zabux kəndinə yola salının növbəti köç karvanı yurda çatıb.

"Unikal" xəbər verir ki, Laçın şəhərində ailələrə evlərinin açarları təqdim olunub.

Bununla da respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış daha 30 ailə - 121 nəfər öz yurduna köçürülüb.

*** 07:57

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan Zabux kəndinə növbəti köç karvanı yola salınıb.

"Uniikal" xəbər verir ki, Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 22-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha 30 ailə - 121 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailəlırinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Zabux kəndində 176 ailənin, yəni 688 nəfərin daimi məskunlaşması təmin edilib.