Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə ekoloji cinayətlərin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Unikal"a verilən məlumata görə, polis əməkdaşlarının ekologiyaya ciddi zərər vuran vasitələrdən istifadə edilməklə həyata keçirilən qanunsuz balıq ovuna qarşı keçirdikləri tədbirlər zamanı Kür çayının Neftçala rayonunun Bankə qəsəbəsi ərazisində keçən hissəsində qanunsuz olaraq balıq ovu ilə məşğul olan Yeniqışlaq kənd sakini E.Məmmədov saxlanılıb.
Həmin şəxsdən müxtəlif növ ov qurğuları, eləcə də qanunsuz olaraq ovlanmış balıqlar aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.
Bu istiqamətdə tədbirlər polis əməkdaşları tərəfindən mütəmadi olaraq davam etdiriləcək.