NATO Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı birgə bəyannamə ilə bağlı çox nikbindir. 

"Unikal" xəbər verir ki, bu barədə NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ksavye Kolomina deyib.

Onun sözlərinə görə, NATO Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır: "Biz bu prosesdə Aİ və ABŞ-nin səylərini, eləcə də Ermənistan və Azərbaycanın ikitərəfli əsasda göstərdiyi səyləri dəstəkləyirik. Qafqaz regionunda sabitliyin təkcə Gürcüstanda gördüyümüz işlərlə deyil, həm də Ermənistan və Azərbaycanda bərqərar oluna biləcək sabitlik hesabına təmin olunması bizim üçün həqiqətən vacibdir".

Kolomina qeyd edib ki, Ermənistan çox aydın şəkildə xarici siyasətini dəyişmək və müəyyən qədər Moskvadan uzaqlaşmaq qərarına gəlib: "Bizi həvəsləndirən budur. Ermənilər öz qərarlarını verməkdə azaddırlar, lakin onlar bunu etmək qərarına gəliblər və məncə, onlar artıq bizə yaxınlaşmağa başlayıblar, daha çox əməkdaşlıq, daha çox siyasi dialoq, NATO-nun daha çox iştirakını xahiş edirlər". 

Ağarza Elçinoğlu