Rusiya prezidenti Vladimir Putin Rusiya Qvardiyasına könüllü birləşmələrin daxil edilməsi hüququ verən qanunu imzalayıb. 

"Unikal" xəbər verir ki, bu barədə sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.

Yeni normalara görə, Rusiya Qvardiyası Putinin qərarına əsasən, könüllü birləşmələri və Rusiya Federasiyasının Silahlı Qüvvələrinə kömək edən könüllü birləşmələrin üzvlərini daxil edə biləcək. Onların iştirakçıları səfərbər edilmiş, müqaviləli hərbi qulluqçulara şamil edilən eyni güzəştlərə və sosial təminatlara tabe olacaq.

Qeyd olunur ki, Rusiya Qvardiyasının könüllü birləşmələri səfərbərlik, hərbi vəziyyət, terrorizmə qarşı əməliyyat rejimi dövründə, silahlı münaqişə şəraitində və bir sıra digər hallarda döyüş tapşırıqlarına cəlb oluna bilər.

Könüllü birləşmələrin sayı, onların iş qaydası və fəaliyyət istiqamətləri, habelə onların qarşısında duran vəzifələr Rusiya Qvardiyası tərəfindən müəyyən ediləcək. Belə birləşmələrə qoşulmaq üçün vətəndaşlar müvafiq müqavilə bağlamalı olacaqlar.

Ağarza Elçinoğlu