“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində il ərzində 793 kq işlənmiş batareya toplanaraq "Təhlükəli Tullantılar" MMC-yə təhvil verilib.

"Unikal" xəbər verir ki, layihə ətraf mühitin mühafizəsi, insanların sağlamlığının qorunması, ekoloji tarazlığın bərpası, işlənmiş batareya tullantılarının zərərli təsirlərinin qarşısının alınması və düzgün idarə olunması məqsədi daşıyır.

Qeyd edək ki, “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində ölkə üzrə müxtəlif dövlət qurumları, şirkətlər, marketlər şəbəkələri, ali və orta ixtisas təhsil müəssisələri, banklar və otellər də daxil olmaqla 300-dən artıq məntəqədə batareya qutuları yerləşdirilib.

Xatırladaq ki, istifadəyə yararsız elektrik batareyalarının toplanması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Qırmızı Ürəklər” Fondu tərəfindən 1 may 2022-ci il tarixində  “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə start verilib. Layihə çərçivəsində bugünədək ümumilikdə 1 tondan artlq işlənmiş batareya təhvil alınıb.