Xəbər verdiyimiz kimi, Millət vəkili Siyavuş Novruzov deputatların maaşından gileylənib. 

O bildirib ki, indi nə 12-ci, nə 13-cü əməkhaqqı var:

“Ancaq deputatın aylıq əməkhaqqısıdır. İldə 3 dəfə mükafat alırdıq, bunlar da ləğv olundu. 5 min manata yaxın maaş alırıq. Bu maaş da tək bizim deyil. Gündə nə qədər insan qəbul edirik. Biri dərman puluna, biri yemək puluna, biri təhsil haqqına gəlir. Elə olur ki, heç maaş ayın axırına çatmır. Milli Məclisin deputatlarından hamısı biznesmen, iş adamı deyil ki. Eləsi var kirayədə yaşayır, kirayə haqqını çatdıra bilmir. Deputatların əksəriyyəti kreditdədir”.

Ölkədə minimum əməkhaqqının məbləğinin 345 manat olduğu vaxtda deputatın 5 min manatlıq maaşından şikayətlənməsi vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə insanlar deputatın fikrinə etiraz ediblər.

Məsələ ilə bağlı “Unikal”a açıqlama verən Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, Azərbaycanda hər kəsin maaşı yüksək olmalıdır:

“Mən həmişə deyirəm ki, niyə müəllimlərin, həkimlərin, hərbçilərin maaşı, pensiyaçıların aldığı məbləğ yüksək deyil?

Azərbaycan reallığı isə ondan ibarətdir ki, hazırda ölkədə minimum əməhaqqının məbləği 345 manat təşkil edir. Bu şəraitdə deputatın “Maaşımla dolana bilmirəm” deməsində 2 nüans ola bilər.

Birincisi, ola bilsin ki, burada qeyri-səmimilik var. Bilirik ki, deputatlar 5-6 min manat maaş alırlar. Hələ Siyavuş müəllim komitə sədridir, onun maaşı daha yüksək ola bilər. Bununla dolana bilməmək inandırıcı deyil.

İkincisi isə, ola bilsin ki, Siyavuş müəllim bədxərcdir. Əgər 3-4 nəfərlik ailə 5-6 min manatla dolana bilmirsə, burada ya qeyri-səmimilikdən, ya da bədxərclikdən söhbət gedə bilər. 

Mən düşünürəm ki, burada qeyri səmimilik daha çoxdur. Ya da, bəlkə, Siyavuş Novruzov elə işlər görür ki, 5-6 min manat ona çatmır.

Yəni, bahalı maşınlar, evlər, geyimlər və yüksək məbləğdə gündəlik xərclər və s. ola bilər”, - deyə partiya sədri qeyd edib.

Murad İbrahimli