"Ötən gün Elm və Təhsil Nazirliyi məktəblərin internet təminatı ilə bağlı bir məlumat paylaşıb. Diqqətimi cəlb etdi ki, hazırda 1365 məktəb fiber-optik internetlə təmin edilib".

"Unikal" xəbər verir ki, bu barədə  İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, əvvəlki illərin nəticələri ilə müqayisədə bu, cari il üçün yetərincə böyük uğurdur:

"Ümumiyyətlə, illər üzrə bu göstəricilərin maraqlı olacağını düşünərək statistikanı paylaşıram. Məktəblərin illər üzrə fiber-optik bağlantı statistikas belədir - 2009-cu il 10, 2012-ci il 20, 2015-ci il 65, 2016-ci il 128, 2017-ci il 170, 2018-ci il 206, 2019-cu il 250, 2020-ci il 301, 2021-ci il 726, 2022-ci il 1200 və 2023-cü il 1365 məktəb. Statistikadan görsənir ki , ETN son 3 ildə bu sahədə xeyli irəliləyiş edib. Əvvəlki 10 ildə əldə olunan nəticədən daha çox nəticə cəmi 3 ilə reallaşıb. Bu, təqdirəlayiq haldır. Eyni zamanda, xatırlatmaq yerinə düşər ki, bu addımlar həm də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sektorda yürütdüyü liberal, "yumşaq" siyasətlə, özəl provaydrelərə yaratdığı şəraitlə bağlı olub. Hansı ki, əvvəlki illərdə ETN-də bu işləri icra edən AzEduNet provayderi inhisarçılıq səbəbindən dövlətə məxsus rabitə resurslarından istifadə sahəsində ciddi problemlərlə üzləşirdi".

Ekspert xatırladıb ki, məktəblər həm də ADSL və Peyk texnologiyası ilə, həmçinin ETN və Bakcell arasında imzalanan memoranduma əsasən 3G, 4G və LTE texnologiya əsasında da internetə qoşulublar:

"Ciddi uğurlara baxmayaraq, məktəblərin çoxunda hələlik genişzolaqlı internet məsələsi tam həll edilməyib. Hazırda RİNN-nin regionlarda apardığı uğurlu internet infrastruktur siyasəti, həmçinin Starlink texnologiyasına və keyfiyyətli mobil internetə əlçatanlığın olması düşünmək üçün əsas verir ki, qarşıdakı ildə ən ucqarlarda olan məktəblər də keyfiyyətli internet əldə edə biləcəklər".