Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 1 il əvvəl istifadəyə verilən “biletim.az” portalı üzərindən onlayn bilet alan 100.000-ci sərnişin qeydə alınıb.

"Unikal" xəbər verir ki, şanslı sərnişin müntəzəm avtobus marşrutu ilə Bakıdan Mingəçevirə səfər edən Vəfa Nağıyevadır. Bu gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 100.000-ci sərnişinin yola salınması mərasimi keçirilib. Ona sertifikat və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, nəqliyyat sahəsində xidmətlərin elektronlaşdırılması və rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində “biletim.az” portalında 43 şəhər və rayona 66 istiqamət üzrə bilet almaq mümkündür.

Onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları mərhələli şəkildə əhatə edəcək. Hazırda sistemə qoşulan daşıyıcıların sayı 127, nəqliyyat vasitələrinin sayı isə 289-dur.

Xatırladaq ki, portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi və ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.

Onlayn bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Mobil cihazlar üçün “Biletim” mobil tətbiqini “App Store” və “Google Play”dən yükləmək mümkündür.