2020-ci ildə 44 günlük Vətən müharibəsində şanlı zəfər qazandıq və 30 il düşmən tapdağı altında qalmış torpaqlarımızda yenidənqurma və bərpa işlərinə başlanıldı. Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, artıq keçmiş məcburi köçkünlər öz dədə-baba yurdlarına geri dönür, Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır. Köç prosesi 2024-cü və növbəti illərdə də davam edəcək.

"Unikal" xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev "Report"a müsahibəsində Böyük Qayıdışla bağlı sualları cavablandırıb. Müsahibəni təqdim edirik:

- Azərbaycanın 20 faiz ərazisi işğaldan azad olunduqdan sonra bu ərazilərdə genişmiqyaslı quruculuq və abadlıq işlərinə başlanılıb. Dövlət Komitəsi Böyük Qayıdışa dair Dövlət Proqramının icrası və məcburi köçkünlərin geridönüşü ilə bağlı hansı işlər görür?

- Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-siyasi rəhbərliyi, qəhrəman ordumuzun rəşadəti nəticəsində, əsgər və zabitlərimizin qanı-canı bahasına 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər azadlıq və istiqlaliyyət tariximizin şanlı səhifəsidir. Eyni zamanda, bu ilin sentyabr ayında keçirilən bir günlük antiterror tədbirlərindən sonra Qarabağda və Şərqi Zəngəzurda otuz ilə yaxın sürən işğala son qoyulub, erməni separatizminin kökü kəsilib, məcburi köçkünlük yaşayan həmvətənlərimizin doğma yurda geri dönüşünə imkan yaranıb.

Azərbaycan dövləti məcburi köçkünlərə daim diqqət və qayğı göstərib. Ulu Öndər Heydər Əliyevin onların sosial müdafiəsi və yaşayış şəraitinin yaxşılaşdırılması üçün müəyyən etdiyi tədbirləri möhtərəm Prezident İlham Əliyev daha geniş miqyasda davam etdirdi və bu gün də məcburi köçkünlərlə bağlı məsələlərin həlli dövlət siyasətinin prioritetləri sırasındadır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məcburi köçkün həmvətənlərimizə çox böyük dəstəyi var.

Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planında komitə 5 bənd üzrə əsas, 12 bənd üzrə digər icraçı qurum kimi müəyyən edilib. Belə ki, əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması 3-cü prioritet istiqamət üzrə Dövlət Komitəsinə məcburi köçkünlər arasında aparılacaq sosioloji sorğu əsasında əhalinin geri qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanması, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi, geri qayıdan əhaliyə dəstək məqsədilə xüsusi qaynar xəttin yaradılması və onların adaptasiyası ilə bağlı tədbirlərin daha səmərəli həyata keçirilməsi üçün müvafiq dövlət orqanları əməkdaşlarının peşəkar təlimlərə cəlb olunması, əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkilinin icrası tapşırılıb.

Ümumiyyətlə, Dövlət Komitəsi Böyük Qayıdışa dair I Dövlət Proqramı və onun Tədbirlər Planında qarşıya qoyulmuş vəzifələrin vaxtında və tələb edilən səviyyədə icrasına əvvəlcədən ciddi hazırlıq görüb, müvafiq fəaliyyətlər üzrə texniki-təşkilati baza yaradılması istiqamətində zəruri iş aparıb. Əminliklə demək olar ki, Dövlət Proqramının icrası məcburi köçkünlərin doğma yurda geri qayıdışını sürətləndirəcək, işğaldan azad edilmiş ərazilərin tezliklə dirçəldilməsinə, respublikanın sosial-iqtisadi həyatına inteqrasiyasına əlverişli şərait yaradacaqdır. Dövlət başçısının 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, 2026-cı ilədək Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında müvafiq infrastruktur qurulacaq. Keçmiş məcburi köçkünlərin rahat, təhlükəsiz həyat şəraitinin təmin edilməsi məqsədi ilə bərpa-quruculuq işlərinin aparıldığı həmin ərazilərdə işlər davam etdirilir.

- 2023-cü ilin sonunadək işğaldan azad olunmuş ərazilərə nə qədər insanın köçürülməsi həyata keçirilib? Köçürülmə hansı meyarlar əsasında tənzimlənir?

- İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. 30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərimiz dağıdılıb, xarabalığa çevrilib. Bəzi yaşayış məntəqələri sıfırdan, yenidən qurulur. Bu günədək, müasir tələblərə uyğun olaraq bərpa edilən və yenidən qurulan 5 yaşayış məntəqəsi üzrə keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı həyata keçirilib.

Ərazilərimizin işğaldan azad olunmasından sonra dövlətimizin başçısının tapşırığına əsasən, keçmiş məcburi köçkünlərin əvvəlki yaşayış məntəqələrinə qayıdışa hazırlanması və qayıdışın səmərəli təşkili Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısında mühüm vəzifə kimi qoyulub. Bu vəzifələrin icrası üzrə işlər Dövlət Komitəsinin gündəlik fəaliyyətinin mühüm tərkib hissəsidir.


Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində 2023-cü ilin sonunadək Füzuli şəhərinə 380 ailə (1392 nəfər), Laçın şəhərinə 408 ailə (1555 nəfər), Zəngilan rayonunun Ağalı kəndinə 175 ailə (871 nəfər), Ağdərə rayonunun Talış kəndinə 20 ailə (90 nəfər), Laçın rayonunun Zabux kəndinə 203 ailə (783 nəfər) olmaqla, ümumilikdə 1186 ailənin (4691 nəfər) köçürülməsi həyata keçirilib.

İşğaldan azad edilən ərazilərdə bərpa edilən və yeni salınan yaşayış məntəqələrinə köçürülmə mərhələli şəkildə aparılır. İlkin mərhələdə müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayan məcburi köçkünlərə qayıdış imkanı yaradılır. Doğma yurda dönən ailələrin hər biri ailə tərkibinə uyğun olaraq mənzillə təmin edilir. Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə həyata keçirilir.

- 2024-cü ildə hansı ərazilərə köçürülmə nəzərdə tutulub?

- Gələn il Şuşa, Xocalı, Kəlbəcər, Füzuli, Laçın, Cəbrayıl şəhərlərinə, Laçın rayonun Sus kəndinə, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Malıbəyli kəndinə həmin yerlərdən məcburi köçkün düşmüş şəxslərin köçürülməsi nəzərdə tutulub. Adıçəkilən ərazilərə, yenə də ağır və qəzalı şəraitdə yaşayan keçmiş məcburi köçkünlərin ilk mərhələdə köçürülməsi həyata keçiriləcək.


- Köçürülən vətəndaşların işlə təminatı sahəsində hansı addımlar atılır?

- Bərpa edilən və yeni salınan yaşayış məntəqələrinə köçürülən vətəndaşların məşğulluq məsələsi aidiyyəti qurumların diqqət mərkəzindədir. Onlarla görüşlər keçirilir, bilik, bacarıq, məşğulluq imkanları öyrənilir. Həm qadınlar, həm də kişilər peşə qabiliyyətlərinə uyğun olaraq işlə təmin edilirlər.

Dövlət Komitəsinin keçirdiyi sorğular zamanı hazırkı və Böyük Qayıdışdan sonrakı dövrdə məcburi köçkünlərin məşğulluğunun təmin olunması ilə bağlı sorğular aparılır, təkcə respondentin özünün deyil, həmçinin onun ailə üzvlərinin təhsil və məşğulluq vəziyyəti öyrənilir. Sorğular vasitəsilə məcburi köçkünlərin hansı sektorda, hansı sahədə işləmək arzusunda olduqları müəyyənləşdirilir. Sorğunun nəticələri əsasında Qarabağ və Şərqi Zəngəzurda sahə və ərazilər (şəhər və kəndlər) üzrə potensial işçi qüvvəsi müəyyənləşdirilir.

Dövlət Komitəsi müxtəlif yerli və beynəlxalq təşkilatlarla birgə də əhalinin məşğulluğuna dəstək, onların yeni peşə bacarıqlarına yiyələnməsi, yaxud ənənəvi bacarıqlarının inkişaf etdirilməsi üçün layihələr icra edir.

- Dövlət Komitəsi keçmiş məcburi köçkünlər arasında işğaldan azad olunmuş ərazilərə qayıdışı ilə bağlı hansı təbliğat-təşviqat işlərini həyata keçirir?

- İşğaldan azad olunmuş rayonların sakinləri arasında təbliğat-təşviqat işlərinin təşkilinə xüsusi diqqət yetirilir. Böyük Qayıdışın bir sıra istiqamətləri üzrə video layihələr, sosial reklamlar, müxtəlif məzmunlu kontentlər hazırlanır, ölkə telekanallarında və komitənin sosial şəbəkə hesablarında paylaşılır. Bundan başqa, müxtəlif peşə sahiblərinin, məcburi köçkünlərin iştirakı ilə info-turlar təşkil edilir, kütləvi tədbirlər keçirilir, məlumat kitabçaları, maarifləndirici broşürlər hazırlanaraq köçkünlərə paylanır.

Məcburi köçkünlər Böyük Qayıdış tədbirləri çərçivəsində görülən işlər, erməni vandalizminə məruz qalmış yurd yerlərimizin bərpası, müasir tələblər əsasında yenidən qurulması, layiqli həyat şəraiti ilə təmin olunan şəhər və kəndlərin salınması haqqında fikir və duyğularını bölüşürlər. Həyata keçirilən layihələri qürur və sevinc hissi ilə izlədiklərini bildirən məcburi köçkünlər doğma yurda qayıtmağa hazır olduqlarını ifadə edirlər.


Dövlət Komitəsində ərazisi işğaldan azad olunmuş rayonların sakinləri ilə mütəmadi görüşlər keçirilir. Görüşlərdə onlara böyük Qayıdış çərçivəsində həyata keçirilən işlər, sakinlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayışının təmin edilməsi üçün görülən işlər haqqında ətraflı məlumat verilir. Eyni zamanda, məcburi köçkünləri maraqlandıran suallar cavablandırılır, zəruri izahat verilir.

- Minalar geri qayıdan keçmiş məcburi köçkünlər üçün təhlükə mənbəyi olaraq qalmaqdadır. Minaların təmizlənməsi istiqamətində aidiyyəti dövlət qurumları işlər görür. Dövlət Komitəsi tərəfindən bu istiqamətdə hansısa tədbirlər icra edilir?

- Azərbaycan dünyada ərazisi mina və partlayıcı sursatlarla ən çox çirklənmiş ölkələr sırasındadır. Bu ərazilərin kütləvi minalanması yüz minlərlə məcburi köçkünün öz evinə təhlükəsiz və layiqli şəkildə qayıtmaq hüququnun həyata keçirilməsinə mənfi təsir göstərir. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərinin minalardan təmizlənməsinə təxminən 30 il vaxt və külli miqdarda vəsait lazımdır.

Geri qayıdan əhalinin mina təhlükəsizliyinə dair maarifləndirilməsi üçün Dövlət Komitəsi də yerli və beynəlxalq təşkilatlarla birgə iş aparır, təlimlər keçir. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə keçirilən təlimlərdə müxtəlif yaş və peşə kateqoriyalarından olan məcburi köçkünlər iştirak edir.


Təlimin keçirilməsində əsas məqsəd mina və partlamamış hərbi sursatlarla davranış qaydaları, təhlükədən qorunmağın yolları ilə bağlı məktəblilərə məlumat verilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdacaq sakinlərin təhlükəsizliyinin təmin edilməsi, partlamamış hərbi sursatla qarşılaşacaqları təqdirdə aidiyyəti qurumlara müraciətlə bağlı məlumatlılığın artırılmasıdır. Maarifləndirici təlimdə iştirakçılara məlumat broşürləri paylanır, praktiki məşğələlər təşkil edilir.

Bundan başqa Niderlandın “Mine Mark” fondu tərəfindən də məcburi köçkün müəllimlər və məktəblilər üçün mina və partlayıcı hərbi sursatlara həsr olunmuş maarifləndirici tədbirlər keçirilir. Mina və digər partlayıcı sursatlardan qorunmağa dair tövsiyələri uşaqların daha tez qavraya bilməsi üçün fondun hazırladığı interaktiv oyunun elektron tətbiqi də məktəblilərə təqdim edilib. "Mine Mark" Fondu tərəfindən Azərbaycan dilinə tərcümə edilən bu layihənin əsas məqsədi mina və partlayıcı sursatların təhlükəsinin daha aşağı yaş kateqoriyalarına çatdırılmasıdır. "Mine Mark" Fondu ilə mina təhlükəsinə dair birgə maarifləndirmə tədbirləri davam edəcək.