Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bu gün keçirdiyi mətbuat konfransında ötən il Azərbaycanda rekord sayda insan işlə təmin olunduğunu bildirib.

Onun sözlərinə görə, 2021-ci ildə 77 min 640 nəfər, 2022-ci ildə isə 39 min 248 nəfər işlə təmin olunub. 2023-cü ildə isə bu göstərici 118 min 398 olub.

Mustafa Abbasbəylinin bu açıqlaması, yəni, cəmi 1 il ərzində 118 mindən çox insanın işlə təmin olunması sosial şəbəkələrdə vətəndaşlar tərəfindən gülüşlə qarşılanıb  və onlar bu statistikaya inanmadıqlarını qeyd ediblər.

Məsələ ilə bağlı “Unikal”a açıqlama verən Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, sosial şəbəkələr xalqın reaksiyasının göstəricisidir:

“Vətəndaşlar öz reaksiyalarını sosial şəbəkələrdə bildirirlər. 118 min iş yerini 1 ilə, yəni 365-ə bölsək, bu, günə 300-dən çox iş yerinin açılması deməkdir. Əlbəttə ki, bu, gülməli səslənir. 

Maraqlıdır ki, bunu necə hesablayıblar? Ola bilsin ki, kimsə özünə VÖEN açıb, onu da işçi kimi qəbul ediblər. 

Ümumi statistikaya nəzər salsaq, Dövlət Məşğulluq Agentliyinin açıldığını iddia etdiyi iş yerlərinin sayına baxsaq və son 5 ildə dövlətin işsizliklə bağlı açıqladığı rəqəmlərlə müqayisə etsək görərik ki, heç uyğun gəlmir.

Təbii ki, 1 ildə 118 min iş yerinin açılması inandırıcı deyil. Bunlar sadəcə ümumi sözlərdir. Bütün dövlət qurumları deyir ki, hər şey yüksəlişdədir. Cəmiyyət isə enişdədir. Yaşayış səviyyəsi aşağıdır. Boşanmaların sayı durmadan artır. Boşanmaların səbəbi kimi işsizlik və yoxsulluq göstərilir. Bu da maksimumdadır.

Demək olar ki, vətəndaşlar artıq heç bir statistikaya inanmırlar, çünki bunları öz həyatlarında görmürlər. Əvəzində bahalaşmanı, işsizliyi öz həyatlarında görürlər. İnsanların gündəlik həyatlarında görmədikləri şeyləri onlara varmış kimi göstərəndə təbii ki, onların da reaksiyası gülüş və lağlağı olar. 

Mən özüm də buna inanmıram. Mustafa Abbasbəyli ən azından desəydi ki, 118 min iş yeri harada açılıb, kim açıb və hansı sahələri əhatə edir, orada maaşlar nə qədərdir, daha yaxşı olardı”, - deyə partiya sədri qeyd edib.

Murad İbrahimli