Bir dövləti təmsil edən, bir vətəndə yaşayan insan cəmiyyətidir xalq. Müxtəlif millətlərdən olan fərqli insanlar da xalq adı altında birləşə bilirlər, əsas olan bir hüquq məkanında yaşamaq və dövlət qarşısında eyni məsuliyyəti daşımaqdır. İllər ötdükcə bu müxtəlif millətlər də eyni vətəndə eyniləşir, doğmalaşır, bütövləşirlər. Bu xalqın sevdiyi ,sevmədiyi amillər oxşar olur, dəyər verdiyi bütün hər şey bərabərləşir. Nifrəti də birlik olur, sevgisi də. 

Bu gün bu sevgidən danışacağam, xalqın sevgisindən…

Bu sevgini yaradan ən etibarlı abidə də, ən toxunulmaz arxiv də - elə xalqın yaddaşıdır. Elin gücü kimi, sevgisi də selə bənzəyir güclülükdə. Xalqın qəlbində, elin ruhunda elə bir qüvvə var ki, ona bağlı olanların adını yüz illərdən sonra olsa da çəkib gətirir. Bu qəlb çox həssasdır,xəfifdir. Zülmətə qapanır, gözəlliyə, zərifliyə baxanda isə bütün varlığını belə verməkdən çəkinmir;  “varını verən utanmaz” deyib ən dərinlikdəki duyğularla qarşılıq verir sevdiyinə,sevildiyinə. Bu qəlbin aynasında, elə o zərifliyin ən dərinliyində qorunan, saxlananlar isə bu xalqa, Vətənə xidmət edənlər, sənətə, yaradıcılığa bağlananlardır. Onlar öz sənətləri ilə unudulmazdırlar, xalqın yaddaşında, qəlbində silinməz və xoş iz qoyandırlar.

Bu sevgini asanlıqla qazanmaq olmur; gərək geriyə dönüb baxanda xalqın xatirində qalacaq sənət əsərlərinə sahib olasan, zəngin və çoxcəhətli yaradıcılığı ilə dünya şöhrətli sənətkar zirvəsinə yüksələsən. Keçdiyin həyat yolu, sənət yolu örnək ola özündən sonra gələnlərə. 

Xalq asanlıqla sevməz, çünki burada söhbət bir nəfərin yox ,böyük bir toplumun sevgisindən gedir. Sevdisə də, sahiblənər, doğmalaşdırar, sevincinə sevinib, acısıyla üzülər. Və ən əsası xatirində həkk edər sevimli obrazını, unutmaz,unutdurmaz. Sevdimi, tam sevər, mənfisiylə də üzləşər, xoş görər, həqiqətinə yaxın bilər, xoş baxan xoş görər axı. Arxasında dağ kimi dayanar, bütün kəm işlərdən qorumağa çalışar, müdafiəsini borc bilər könlünə…

Qüdrətinə baxın sevginin, gücünə baxın. Qürurvericidir, şərəfdir, ən uca dəyərdir, ən yüksək qiymətdir bu sevgi. Nə xoş qazananın, nə xoş yaşadanın halına. Adını tarixə, sevdasını könüllərə yazdıran hər kəs ölməzdir, daim yaşayacaq. Xalqın sevgisindən güclü bir hiss ola bilməz, qazandınsa, xoşbəxt kəssən. 

Bu xoşbəxtlikdən pay alan hər kəsə dərin hörmət və ehtiramla…

Gülər Mübariz