10yanvar 2024-cü il tarixdə Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binasındaQubadlı rayon İcra hakimiyyəti başçısının müavini, tərəqqi medallı Allahverdi Haxverdiyevin anadan olmasının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH-nin məsul işçiləri iştirak edirdilər. Tədbir zamanı Qubadlı rayon RİH-nin başçısı Malik İsaqov Allahverdi Haxverdiyevi yubiley yaşı münasibətilə təbrik etdi, ona can sağlığı və fəaliyyətində uğurlar arzuladı.

Allahverdi Sərxan oğlu Haxverdiyev 10 yanvar 1959-cu ildə Zəngəzur mahalı Qubadlı rayonunun gözəl guşələrindən biri olan Qaralar kəndində sadə, zəhmətkeş kəndli ailəsində anadan olmuşdur. Allahverdi Haxverdiyev Qubadlı rayon Mahruzlu kənd orta məktəbini bitirdikdən sonra 1978-1980-cı illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş, hərbi xidməti başa vurduqdan sonra, 1980-1986-cı illərdə Azərbaycan Texnologiya Universitetində Ali təhsil alaraq doğma yurda yüksək ixtisaslı mütəxəssis kimi qayıtmışdır. Allahverdi müəllimin Əmək fəaliyyəti Ulu Öndər Heydər Əliyevin Azərbaycanda sürətli inkişafa və yüksəlişə start verdiyi illərə təsadüf edir. Ölkədə sağlam mənəvi-psixoloji mühitin bərqərar edilməsi, bütün sahələrdə olduğu kimi gənclər siyasətinə də xüsusi diqqət və qayğının göstərilməsi onun taleyində də mühüm rol oynayıb. Allahverdi Haxverdiyev gənc yaşlarından, 1986-cı ildən əmək fəaliyyətinə başlayaraq Qubadlı rayonunda fəaliyyət göstərən Yağ- pendir istehsalı zavodunda müxtəlif işlərdə işləmiş və nəhayət zavod direktoru vəzifəsinə qədər yüksəlmişdir.

1995-ci ildə Qubadlı rayon İcra hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunmuş və hal-hazırda fəaliyyətini bu istiqamət üzrə yorulmadan davam etdirir. O, 2007-ci ildən 2022-ci ilədək Yeni Azərbaycan Partiyasının Qubadlı rayon təşkilatının sədri vəzifəsində çalışmışdır. Fasiləsiz işlədiyi 38 il ərzində ərzində rayon camaatı Allahverdi Haxverdiyevin xidmətlərini yaxşı xatırlayır və yüksək qiymətləndirir.

Allahverdi Haxverdiyev həm də gözəl ailə başçısı, qayğıkeş ata, mehriban babadır və boya-başa çatdırdığı övladları onun yolunu, ailə ənənələrini qürurla davam etdirirlər. Allahverdi Haxverdiyev bu gün də gənclik enerjisi ilə çalışır, gənc nəslin vətənə sədaqət ruhunda tərbiyə edilməsində əlindən gələni əsirgəmir.

Sonra yubliyarın uzun illər birlikdə çalışdığı iş yoldaşları çıxış edərək Allahverdi Haxverdiyevə ən xoş arzularını çatdırdılar, ona möhkəm can sağlığı, işlərində uğurlar, doğma Qubadlımızda fəaliyyətini davam etdirməsini arzuladılar.

Allahverdi  Sərxan oğlu Haxverdiyev Respublikanın ictimai-siyasi həyatında fəal iştirakına görə Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə, həmçinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Hərbi Vətənpərvərlik Tərbiyəsində Xidmətlərə Görə” medalı ilə təltif olunub.