Müsavat etiraz edir
20:06 26-04-2013
CƏMİYYƏT
Müsavat etiraz edir
Arif Hacılı qurumun siyasi istiqamətinə şübhə ilə yanaşdı
Kinodramaturq Rüstəm İbrahimbəyovun təklif etdiyi Milli Şuranın yaradılması istiqamətində danışıqlar başlanıb. Bir neçə gün bundan öncə Müsavat, AXCP və "El" liderləri arasında Milli Şuranın yaradılması barədə fikir mübadiləsi aparılıb. Xatırladaq ki, Milli Şuranın bu üç qüvvənin birliyindən yaradılacağı söylənilirdi.
İbrahimbəyovun planına əsasən, öncə "El" hərəkatı yaranmalı, sonra real müxalifət qüvvələri ilə birgə Milli Şura təsis edilməli idi. "El" hərəkatı yaranıb, indi Milli Şuranın yaradılması istiqamətində iş gedir. İbrahimbəyov düşərgəsi indidən piar kampaniyasına başlayıblar. Cəmiyyətə informasiya sızdırılıb ki, şuranın lideri İbrahimbəyov olacaq. Hətta müxalifətin prezidentliyə namizədi də İbrahimbəyov təklif edilir. "İki illik keçid hökuməti" söhbətləri də bilərəkdən ortaya atılıb. Məqsəd İbrahimbəyov amilini qabartmaqdır. Sonda "bəlkə də" namizəd İbrahimbəyov yox, Ziyalılar Forumundan, "El" hərəkatından birisi olacaq. Görünür, bu səbəbdəndir ki, ənənəvi müxalifət, özəlliklə də ana müxalifət statusuna iddialı Müsavat Partiyası İbrahimbəyov piarından qıcıqlanıb.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı mətbuata açıqlamasında Milli Şuranın perspektivini şübhə altına alacaq ifadələr işlədib. Şuranın siyasi istiqamətinə şübhə ilə yanaşan Hacılı deyib ki, Müsavat Azərbaycanın Avropaya inteqrasiya xəttinə qarşı olan qüvvələrlə birlikdə olmayacaq: "Müsavat, AXCP və "El" hərəkatı Rusiyanın Cənubi Qafqaz regionundan sıxışdırılıb çıxarılmasını öz qarşılarına əsas məqsədlərdən biri kimi qoymuş təşkilatlardır. Və Azərbaycana qarşı yönəlmiş heç bir ideyanın reallaşdırılması prosesində iştirak etməzlər". A.Hacılı bildirib ki, Müsavat Partiyası Azərbaycanın milli maraqlarını hər şeydən üstün tutur. Və bu səbəbdən də Müsavat Partiyasının hədəfləri Azərbaycanın mənafeləri ilə uzlaşmayan hər hansı qurumun, yaxud qüvvənin tərkibinə qatılması mümkün deyil: "Biz dəfələrlə bəyan etmişik ki, müxalifətin ümumi mənafeləri naminə öz iddialarımızdan imtinaya hazırıq. Rüstəm İbrahimbəyovun Milli Şura rəhbərliyinə namizədlik məsələsinə münasibətimiz isə müzakirələrdən sonra dəqiqləşəcək. Bu məsələ müzakirə edildikdən sonra Müsavat Partiyası Rüstəm İbrahimbəyovun namizədliyi ilə bağlı yekun qərar verə bilər". Göründüyü kimi ad çəkməsə də, açıq söyləməsə də, Arif Hacılının "Avropaya inteqarsiya kursuna zidd gedən" qüvvə, dolayı ilə "Rusiyapərəst" hesab etdiyi qüvvələr elə Milli Şuradır. Belə çıxır ki, Müsavat prosesin sonunu gözləyirmiş.
İbrahimbəyovun missiyası sona yaxınlaşır. Milli Şuranın yaradılması ilə kinodramaturqun rolu başa çatacaq. Daha doğrusu, onun bundan artığına gücü çatmaz. Milli Şura deyildiyi kimi güclü müxalifət qurumu olacaqsa, İbrahimbəyov ora rəhbərlik edəcək. Çünki nə Müsavat, nə AXCP nə də, "El" hərəkatı sədrlərinin bu quruma rəhbərliyi mümkün olmayacaq.
İbrahimbəyov Milli Şuraya sədr olsa, o zaman Müsavat və AXCP liderləri vahid namizəd ola bilməyəcəklər. Ona görə də Müsavat indidən Milli Şuranı aşağılamağa, qurumun reputasiyasına kölgə salmağa çalışır. Yəqin ki, Müsavat Milli Şuraya qarşı qaralama siyasətini davam etdirəcək. Əslində Müsavat istəsə, qurumun yaranmasına mane ola bilər. Amma partiyada heç kim "bölücü" ittihamı ilə suçlanmaq istəmir. Həm də indidən acı düşmənçilik Müsavatın təklənməsi ilə sonuclana bilər. İndidən bir şey bəllidir ki, Müsavat Milli Şuranın güclü quruma çevrilməsini, İbrahimbəyovun önə çıxmasını istəmir.
Fuad
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22