"Zərifə Əliyeva mənim üçün müdriklik nümunəsidir"
20:07 26-04-2013
CƏMİYYƏT
"Zərifə Əliyeva mənim üçün müdriklik nümunəsidir"
Azərbaycan xalqı bu günlər tanınmış oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyini qeyd edir. Zərifə xanımın peşəkar fəaliyyətinin müəyyən bir dövrü Rusiya ilə bağlıdır. Uzun illər Zərifə Əliyeva ilə bir yerdə işləmiş bir çox həmkarları bu müdrik insanı həmişə böyük səmimiyyətlə xatırlayır. Rusiya Diplomdan sonrakı Tibb Akademiyasının (RDTA) rektoru, Rusiya Federasiyası Hökumətinin mükafatı laureatı, Rusiyanın Əməkdar Həkimi, Rusiya Tibb Elmləri Akademiyasının (RTEA) akademiki, tibb elmləri doktoru, professor Larisa Konstantinovna Moşetova Zərifə xanım Əliyeva ilə dostluq etdiyi illərin xatirələrini bölüşüb:
"Zərifə xanımın xatirəsi ömrüm boyu qəlbimdən silinməyəcəkdir. Taleyimə minnətdaram ki, həyatımın bir hissəsi bu böyük insanın yanında keçmişdir. O, qeyri-adi qadın idi. Yaddaşımda gözəl, ağıllı, müdrik və olduqca sadə bir insan kimi qalmışdır. Respublikanın birinci katibinin xanımı olmasına baxmayaraq, həmişə sadə, ürəyiaçıq və son dərəcə təvazökar idi. Zərifə Əzizovna haqqında ilk dəfə müəllimim Nina Borisovna Şulpinadan eşitmişdim. Nina Borisovna Zərifə xanım ilə birlikdə Helmholts adına Göz Xəstəlikləri İnstitutunda namizədlik dissertasiyası müdafiə etmişdi. Gənc aspirantlar möhkəm dost olmuşdular.
Nina Borisovna bizə tez-tez Zərifə xanımdan danışar, namizədlik dissertasiyasını yüksək səviyyədə müdafiə etmiş ağıllı və istedadlı bir qadın olduğunu vurğulayardı. Sonralar, Zərifə xanım Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) işləyəndə, çalışdığım Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutu da eyni problemlərlə İttifaq səviyyəsində məşğul olmağa başlayanda silsilə səfərlər sistemi yaratdıq. Biz ADHTİ-də bir aylıq silsilə mühazirələr təşkil etmişdik. İlk dəfə idi ki, Bakıya gəlmişdim, ilk dəfə idi ki, Xəzər dənizini görürdüm. Zərifə xanım bizimlə çox vaxt keçirirdi. Mən göz dibində dəyişikliklərlə əlaqədar hipertoniya xəstəliyinə dair mühazirələr oxuyurdum. Müəllimliyə yenicə başladığım üçün çox həyəcanlanırdım. Zərifə xanım həmişə mühazirələrimdə iştirak edirdi, nəzakətli, xeyirxah və diqqətli idi, bizə dəyərli məsləhətlər verirdi, qayğımıza qalırdı, məişətimizlə maraqlanırdı.
Çayla içmək üçün tez-tez şirniyyat gətirir və biz birlikdə çay içirdik. Biz Bakının ətraflarına gəzintiyə çıxır, görməli yerlərlə tanış olurduq. Sonralar Zərifə xanımla daha sıx əməkdaşlıq edirdik. Elə bir vaxt gəldi ki, birgə əsərlər dərc etmək qərarına gəldik. Zərifə xanım hazırda lider mövqedə olan sənaye oftalmologiyası ilə məşğul olurdu. Biz birlikdə "Oftalmologiyanın aktual məsələləri" monoqrafiyasını nəşr etdirdik. Növbəti kitab "Terapevtik oftalmologiya" adlanırdı. Böyük təəssüf hissi ilə bildirirəm ki, bu kitabda Zərifə xanımın adı qara çərçivəyə alınmışdı. Bu kitab ispan dilinə tərcümə edilərək nəşr olunmuş və dərhal bütün dünyada yayılmışdı. Həmin əsərin analoqu bu günədək yoxdur. Düşünürəm ki, Zərifə xanımın yetirmələrinin iştirakı ilə həmin kitabı təkrar nəşr etdirmək bu gözəl insanın xatirəsinə böyük ehtiramın əlaməti olardı.
Zərifə xanımın Helmholts adına Göz Xəstəlikləri İnstitutunda, Moskva Oftalmoloqlar Elmi Cəmiyyətinin iclasındakı çıxışı da yaddaşıma həkk olunmuşdur. Bunlar aylıq iclaslar idi. Zərifə xanım gənclərin tərbiyəsinə həsr olunmuş məruzə ilə çıxış etdi. Yadımdadır ki, hamı onun nitqinə heyran qalmışdı. O, çox gözəl ədəbi dildə danışırdı. O, öz nitqində gənclərə siyasi şüurun, əxlaqın və peşəkarlığın təlqin olunması məsələlərinə toxunmuşdu. Zərifə xanımın sözlərini yazmışdım və həmin yazıları indiyədək saxlamışam. Zərifə xanım mənim üçün müdriklik nümunəsidir, qandan gəlmə, təbiətdən, Vətəndən pay aldığı bir müdrikliyin nümunəsidir".
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22