Bakıda və Abşeron yarımadasında yanvarın 17-si səhərdən axşamadək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30 -32 m/s-dək güclənəcəyi gözlənilir.

"Unikal" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın rayonlarında yanvarın 17-də qərb küləyinin 15-20 m/s, bəzi şərq rayonlarında arabir 23-28 m/s-dək güclənəcəyi, havanın 17-si axşam əsasən Gəncə-Qazax, Balakən-Şəki zonalarında qısamüddətli yağıntılı olacağı, qar yağacağı gözlənilir.

*** 12:47

Yanvarın 17-də ölkə ərazisində havanın yağmursuz keçəcəyi, güclü külək əsəcəyi gözlənilir.

Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək, axşam zəifləyəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.