İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Davosda keçirilən iqtisadi forum çərçivəsində Pakistanın müvəqqəti baş naziri Ənvar-ül-Haq Kakar ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə İran XİN-in telegram kanalında məlumat verilib.

XİN-dən bildirilib ki, nazir prezidentin salamlarını Pakistanın baş nazirinə çatdırıb və iki ölkə arasındakı əlaqələri dərin və tarixi adlandırıb. O, həmçinin Tehranın onları mümkün qədər genişləndirməyə hazır olduğunu açıqlayıb.

Eyni zamanda, Xarici İşlər Nazirliyi həmsöhbətlərin İranın Pakistana hücumunu müzakirə edib-etmədiyini açıqlamayıb. 

Xatırladaq ki, ötən gün İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Ceyş-i-Zəlum” terror qruplaşmasının Pakistandakı qərargahına ilk dəfə olaraq ballistik raket atıb.