Tağı İbrahimov Binəqədidə partlayış hadisəsi baş verən mebel sexinin sahibi olduğunu inkar edib.

"Unikal"ın məlumatına görə, İbrahimov yanan mebel sexinin ona aid olmadığını bildirib. 

T.İbrahimov Demokrat.az-a hazırda Türkiyədə olduğunu deyib və qardaşı hacı İbrahim Nehrəmlinin fikirlərini də yalanlayıb: “Qardaşım yalan deyir, o obyektin mənimlə heç bir əlaqəsi yoxdur. O bina Həmid müəllimin olub, o da bir neçə il əvvəl icarəyə verib”.

Qeyd edək ki, Hacı İbrahim Nehrəmli və Tağı İbrahimov bir-birilərinə əks ziddiyətli açıqlama veriblər.

***

11:32

Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən, partlayış baş verən mebel sexinin sahibinin kimliyi müəyyənləşib.

"Unikal" “Qaynarinfo”ya istinadən xəbər verir ki, sözügedən mebel sexi Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşlarına məxsusdur.

Obyekt Binəqədi rayonundakı keçmiş Ağac Emalı Zavodunun ərazisində yerləşir. Sözügedən zavod illər əvvəl Nazim İbrahimovun qardaşı, “İBRA Holdinq”in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib.

Sexin təsisçisi Tağı İbrahimov və “Avesta” şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmli olub. Hacı İbrahim sözügedən sexlərin ona və qardaşı Tağı İbrahimova məxsus olduğunu təsdiqləyib: "Bəli, sexlər bizimdir. Ağac Emalı Zavodunu özəlləşdirib, yerində Tağı İbrahimov yaşayış binası tikəcəkdi. Bununla bağlı layihə də vermişdik. Hələlik təsdiqlənmədiyi üçün ərazini sahibkara icarəyə vermişdik və bu hadisə baş verdi. Həmin sahibkar da hadisə zamanı dünyasını dəyişib. Yazıq Tağı buna nə etsin? İcarəyə vermişdi, bütün texniki təhlükəsizliyə sözügedən sahibkar cavabdeh idi".