Azərbaycan Mətbuat Şurası jurnalist Səbuhi Məmmədlinin vəfatı ilə bağlı nekroloq yayıb.
"Unikal" xəbər verir ki, nekroloqda deyilir:
"Jurnalist, “Lent.az” saytının əməkdaşı Səbuhi Məmmədlinin vəfatı hər birimizə dərin üzüntü və sarsıntı hissi yaşatdı. Mərhumun doğmalarına, yaxınlarına, saysız-hesabsız həmkarlarına dərin hüznlə başsağlığı veririk. 1970-ci ildə anadan olmuş S.Məmmədli Bakı Dövlət Universitetini bitirib. 1990-cı ildən jurnalistikada olub. Müasir dövr Azərbaycan mediasının öz dəst-xətti ilə seçilən istedadlı nümayəndələrindən biri kimi tanınıb. Həm on il ərzində “Lent.az” saytında, həm də müxtəlif illərdə çalışdığı “525-ci qəzet”də, “Azərbaycan” və “Yeni Müsavat” qəzetlərində peşəsinə sədaqəti və həmkarlarına qayğılı münasibəti ilə seçilib. Daşıdığı təməl xüsusiyyətlər özündən gənc həmkarlarının jurnalistikaya rəğbətinin formalaşmasına, bu yolda addımlamalarına stimul verib.
S.Məmmədli yaşadığı qısa ömürdə istedad amilinin jurnalistika üçün nə dərəcədə böyük anlam daşıdığını əməli fəaliyyəti ilə sübuta yetirməyi bacarıb. Onun, yəni, bir istedad adamının yoxluğu həm də bu baxımdan ağırdır.
Bir daha mərhumun doğmalarına, əzizilərinə, həmkarlarına dərin hüznlə başsağlığı verir, onların kədərlərini bölüşürük. Allah rəhmət eləsin!".