"Meliorasiya sahəsində müasirlik, yeni texnologiyalar tətbiq edilməlidir. Bu sistem çox köhnədir. Sovet dövründən mərkəzləşdirilmiş iqtisadiyyat üzərində qurulmuş bir qurumdur. O vaxt 1700 su istehlakçısına xidmət edilirdisə, bu gün 600 mindən çox su istehlakçısı var".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Aslanov deyib.

Sədr müavini bildirib ki, bu sistem tamamilə yenidən qurulub sözügedən sahəyə uyğunlaşdırılmalıdır: "Bu sahədə də işlər gedir. Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə su komissiyası yaradıldı. Bir sıra aidiyyəti qurumların rəhbərləri orada təmsil edilir. Üç il ərzində müzakirələr aparılıb. Bir sıra tədbirlərin icrasına başlanılıb. Mütəmadi olaraq bu tədbirlər davam etdiriləcək və yeni texnologiyaların tətbiqi üçün bir sıra işlər aparılır".

R.Aslanov qeyd edib ki, 2003-2023-cü illərdə Azərbaycanda əhalinin su təchizatı səviyyəsi 2 milyon 700 nəfərdən 8 milyon nəfərə, başqa sözlə desək, 26 %-dən 77 %-ə yüksəlib:

"Bakı şəhəri üzrə bu rəqəm 29%-dən 80 %-ə qədər artıb. Bu dövrdə sayğaclaşma 90 %-ə çatdırılıb. Bu müddətdə 22 min kilometrdən yuxarı su xətləri, 8 min kilometrdən yuxarı kanal və kanal tullantı su xətləri çəkilib, 320 içməli su anbarı yaradılıb, 174 nasos stansiyası tikilib, 1 milyon 500 su sayğacı quraşdırılıb, yeni 45 böyük su mənbəyi yaradılıb. Eyni zamanda bu dövrdə 54 şəhər və rayon mərkəzində su təchizatı və tullantı suların infrastrutukturu layihələri icra olunub. Bunların 32-ci tam başa çatdırılıb. Təqribən 1126 kənddə 1 milyon 500 min əhalini təmsil edən ərazidə içməli su təchizatı layihələri icra olunub. 28 tullantı su təmizləyici qurğu tikilib”.

Anar Kəlbiyev