Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma ilə görüşüb.

"Unikal" xəbər verir ki, qonaqları salamlayan kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Tərəflər aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.

Görüşdə Azərbaycan ilə Macarıstan arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı sahəsində ən müasir texnologiyaların transferi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilmə məsələləri müzakirə olunub.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.