Sumqayıtdan Bakı şəhəri istiqamətinə ictimai nəqliyyatın təşkili ilə bağlı sərnişin tələbatı nəzərə alınaraq, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Sumqayıt şəhər Avtovağzalını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirəcək yeni ekspres marşrut xətti təşkil edilir.

AYNA-dan "Unikal"a bildirilib ki, yanvarın 21-dən fəaliyyətə başlayacaq ekspres avtobuslar Sumqayıt Avtovağzalı, “Bağçalı evlər” yaşayış kompleksi, Sumqayıt dairəsi, Ceyranbatan qəsəbəsi, metronun “Avtovağzal” stansiyası, Bakı Beynəlxalq Avtovağzal Kompleksi marşrutu üzrə hərəkət edəcək.

Sərnişinlərin rahat, sürətli və təhlükəsiz daşınması üçün səfərlər “Neoplan” markalı 48 yerlik komfortlu avtobuslarla həyata keçiriləcək. Xətdə 14 avtobus 11 dəqiqə intervalla sərnişinlərə xidmət göstərəcək.

Ekspres avtobuslarda gedişhaqqı 0.80 azn təşkil edir. Ödənişlər nağdsız qaydada olacaq.

Qeyd edək ki, “BakıKart”ın balansını artırmaq üçün həm Bakı Beynəlxalq Avtovağzal Kompleksi, həm də Sumqayıt avtovağzalında ödəniş terminalları yerləşdirilib. Sərnişinlər, həmçinin “BakıKart” mobil tətbiqi üzərindən QR kod vasitəsilə də ödənişlərini edə bilərlər.

*** 14:17

“BakuBus” MMC yanvarın 21-dən Bakı-Sumqayıt marşrut xətti üzrə fəaliyyətə başlayacaq.

"Unikal" xəbər verir ki, bu barədə “Baku Bus” MMC-in mətbuat katibi Əsmər Əliyeva məlumat verib.

Məlumata görə, ekspres marşrut xətti Bakı Avtovağzalından Sumqayıt Avtovağzalına və əks istiqamətə olacaq. Bu xəttə buraxılacaq avtobuslar komfortlu nəqliyyat vasitəsi hesab olunur.

Hər biri 48 oturacaqdan ibarət olan avtobuslarda sərnişinlərin yüklərini yerləşdirə bilmələri üçün baqaj bölməsi də mövcuddur.