AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Elmi Şurasının genişləndirilmiş iclası keçirilib.

"Unikal" xəbər verir ki, iclasda institutun rəhbərliyi ilə yanaşı, AMEA-nın birinci vitse-prezidenti v.i.e., AMEA-nın akademik-katibi akademik Arif Həşimov, şöbə və laboratoriya müdirləri, alim və mütəxəssislər iştirak ediblər.

İclası giriş nitqi ilə açan İSİ-nin baş direktoru, akademik Əli Abbasov gündəlikdə yer alan məsələni tədbir iştirakçılarının diqqətinə çatdırıb. Elm və təhsil nazirinin müvafiq əmri ilə İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqovun Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini vəzifəsinə təyin olunduğunu qeyd edən Ə.Abbasov alimin elmi və elmi-təşkilati fəaliyyətinə nəzər salıb.

Bildirib ki, 1962-ci il 18 dekabr tarixində Lerikdə dünyaya göz açan Əminağa Sadıqov 1985-ci ildə Dnepropetrovsk Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsini bitirib. O, 1992-ci ildə fizika-riyaziyyat elmləri namizədi, 2013-cü ildə texnika elmləri doktoru elmi dərəcələrini, 2010-cu ildə dosent, 2016-cı ildə professor elmi adlarını almış, 2017-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

Ə.Abbasov görkəmli alimin zəmək fəaliyyətinə ətraflı şəkildə nəzər salaraq qeyd edib ki, Ə.Sadıqov 1985-ci ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda çalışmış, 1988-ci ildən AMEA Rəyasət Heyətinin Mərkəzi Aparatına köçürülmüş və orada Elmi-təşkilat şöbəsinin, Elmi-Təşkilat İdarəsinin, Elm və Təhsil Baş İdarəsinin rəisi vəzifələrində işləmişdir. Ə.Sadıqov 2019-2020-ci illərdə AMEA-nın akademik-katibi(vitse-prezidenti) vəzifəsində işləmiş və AMEA Rəyasət Heyətinin üzvü olmuşdur. O, 11 dekabr 2020-ci ildə İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsinə təyin edilmiş, 1 fevral 2021-ci ildən isə institutun icraçı direktoru vəzifəsində işləyir. Onun rəhbərliyi ilə fövqəladə hallarda risklərin proqnozlaşdırılması, modelləşdirilməsi, qiymətləndirilməsi və onların nəticələrinin aradan qaldırılması sahəsində mühüm elmi nəticələr əldə olunmuşdur və hazırda həmin nəticələrin praktikada tətbiqi istiqamətində ardıcıl işlər görülür. Ə.Sadıqov elmi fəaliyyəti ilə yanaşı ölkəmizin aparıcı uniiversitetlərində səmərəli pedaqoji fəaliyyət göstərmiş,  yüksəkixtisaslı elmi kadrların və mütəxəssislərin hazırlanmasında mühüm rol oynayıb.

İnstitut rəhbəri bildirib ki, Ə.Sadıqov bir çox dövlət əhəmiyyətli qurumların, o cümlədən Milli Məclisin Elm və Təhsil Komitəsinin işçi qrupunun üzvü kimi elm və təhsillə bağlı qanunvericilik aktlarının və normativ-hüquqi sənədlərin hazırlanmasında bilavasitə iştirak etmişdir. Qeyd edib ki, dünya elminə mühüm töhfələr vermiş Ə.Sadıqov səmərəli elmi və elmi-təşkilati fəaliyyətinə, Azərbaycanda elmin və təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının medalı ilə, AMEA-nın Fəxri Fərmanları və digər önəmli mükafatlarla təltif olunub.

Ə.Abbasov Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərmanına əsasən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin yaradılmasının müstəsna əhəmiyyətə malik olduğunu qeyd edərək Ə.Sadıqovun həmin Agentlikdə yüksək məsul vəzifəyə təyin edilməsini olduqca təqdirəlayiq hal olduğunu bildirib.

Çıxışının sonunda İdarəetmə Sistemləri İnstitutunun kollektivi adından kibernetika elminə mühüm töhfələr vermiş görkəmli alimi təbrik edib, ona təyin olunduğu yeni vəzifədə Azərbaycan elminin inkişafı, elm və təhsilin intqerasiyası istiqamətlərində fəaliyyətində yeni-yeni müvəffəqiyyətlər arzu edib.

Sonra AMEA-nın birinci vitse-prezidenti v.i.e., AMEA-nın akademik-katibi akademik Arif Həşimov Ə.Sadıqovun elmi, elmi-təşkilati və pedaqoji fəaliyyətindən, nəcib insani keyfiyyətlərindən söz açıb, AMEA-nın elmi siyasətinin formalaşdırılması, idarə olunması və həyata keçirilməsində uzun illər fəal şəkildə iştirak edən alimin misilsiz xidmətlərindən tədbir iştirakçılarına ətraflı şəkildə bəhs edib. Ə.Sadıqovun elmi və elmi-təşkilati fəaliyyətinin böyük bir hissəsinin AMEA-nın Rəyasət Heyətində işlədiyi dövrə təsadüf etdiyini qeyd edən A.Həşimov elmin inkişafı ilə bağlı dövlət əhəmiyyətli sənədlərin və tədbirlərin hazırlanmasında və həyata keçirilməsində uzun müddət ərzində onunla bərabər çalışdıqlarını bildirib. O, Ə.Sadıqovun əmək fəaliyyətinin yeni mərhələsində ölkəmizin milli təhlükəsizliyinin təmin olunmasında elmin və təhsilin rolunun artırılmasına, gənc kadrların elmə cəlb olunmasına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edərək, ona yeni uğurlar arzulayıb.

Daha sonra AMEA-nın müşaviri, akademik Telman Əliyev görkəmli alim Ə.Sadıqovun səmərəli elmi və pedaqoji fəaliyyətinə nəzər salıb, onun yeni təyinatının əhəmiyyətindən söz açıb. Ölkə başçısının müvafiq fərmanına əsasən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin yaradılmasının Azərbaycan elminin inkişafı, dünya elminə inteqrasiyası istiqamətində yeni bir dövrün başlanğıcını qoyduğunu qeyd edən akademik ölkədə elmi potensialın gücləndirilməsi ilə bağlı alimlərin qarşısında duran vəzifələrdən bəhs edib. Ə.Sadıqovda elmi, elmi-təşkilati və pedaqoji fəaliyyətlərin məharətlə əlaqələndirmək bacarığının nadir keyfiyyət olduğunu olduğunu, onun bu sahələrin hər birində yüksək nəticələr əldə etdiyini bildirən akademik ona yeni məsuliyyətli vəzifəsində müvəffəqiyyətlər arzu edib.

Sonra İSİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Lamiyə Nəcəfova  çıxış edərək Ə.Sadıqovun gənclərin elmə cəlb olunması, yüksək ixtisaslı kadr potensialının formalaşdırılması istiqamətlərində misilsiz xidmətlərindən söz açıb. Ə.Sadıqovun ardıcıl elmi fəaliyyətinin qloballaşan dünyada gənc kadrların elmə cəlb olunması istiqamətində nümunə olduğunu bildirən L.Nəcəfova GAMŞ üzvləri adından görkəmli alimə uzun illər ərzində gənc kadrların inkişafına göstərdiyi xüsusi diqqət və qayğıya görə təşəkkürünü bildirib.

Sonra İSİ-nin elmi katibi Zəhra Əzizova, AMEA-nın müxbir üzvü Kamil Ayda-zadə, professor Abbas Rzayev, t.e.d. Qəmbər Quliyev, t.e.d. Məzahir İsayev, r.e.d. İlqar Məmmədov və r.ü.f.d., dosent Ədalət Paşayev çıxış edərək əsas məqsəd və məramı Azərbaycan elminin inkişafı olan, daim dövlətçilik siyasətinə sadiq qalan Ə.Sadıqovun elmi, elmi-təşkilati və pedaqoji fəaliyyətindən, nəcib insani keyfiyyətlərindən söz açaraq ona Azərbaycan elminin inkişafı naminə müvəffəqiyyətlər arzu ediblər.

Daha sonra AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov çıxış edərək tədbirin təşkilinə görə institutun rəhbərliyinə təşəkkürünü bildirib. İdarəetmə Sistemləri İnstitutunun Azərbaycan elminin inkişafında oynadığı müstəsna roldan söz açan alim bu istiqamətdə institutun baş direktoru, akademik Əli Abbasov və sabiq direktoru Telman Əliyevin töhfələrindən bəhs edib. Alimlərin qarşısında duran vəzifələrdən söz açan Ə.Sadıqov elmin inkişafı ilə bağlı gələcək fəaliyyətində şura üzvləri tərəfindən səsləndirilən tövsiyələri dəyərləndirəcəyini bildirib, elmi əməkdaşlıqların davam etdirilməsi istiqamətində təkliflərini səsləndirib.

Ölkə rəhbərliyi tərəfindən Azərbaycan elminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən yeni inkişaf konsepsiyasından danışan alim Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin yaradılmasının elm və təhsil sahəsində islahatların yeni bir dövrünün başlanğıcını qoyduğunu bildirib, ona göstərilən bu yüksək etimadı doğruldacağını ifadə edib.

Tədbirin sonunda akademik Əli Abbasov AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun Elmi Şurasının müvafiq qərarına əsasən Əminağa Sadıqovu uzunmüddətli səmərəli elmi və elmi-təşkilati fəaliyyətinə görə institutun Fəxri Fərmanı ilə təltif edib. Sonra xatirə şəkli çəkilib.