Quba-Xaçmaz Regional Təhsil İdarəsi Xaçmaz rayonu İstisu qəsəbə tam orta məktəbində sinif otağına qar-yağış sularının dolması ilə bağlı sosial şəbəkələrdə videogörüntülərlə bağlı açıqlama verib.

İdarədən "Unikal"a bildirilib ki, təhsil müəssisəsində yaranmış vəziyyətlə bağlı daha öncə də idarə əməkdaşları tərəfindən məktəbə baxış keçirilib, təmir-tikinti ehtiyacları müəyyənləşdirilib və bu barədə aidiyyəti quruma məlumat təqdim olunub.

“Sonuncu güclü qar yağışından sonra yaranan vəziyyət təmir üçün zamanın çox olmadığını göstərdi. Buna görə də qısa zamanda məktəbin təmir imkanlarının qiymətləndirilməsi məqsədilə Quba-Xaçmaz Regional Təhsil İdarəsində müvafiq komissiya yaradılıb. Məktəbə baxış keçirilib və orada daha yaxşı şəraitin yaradılması üçün işlərə başlanılıb”, - deyə açıqlamada qeyd olunub.

İdarədən bildirilib ki, həmin məktəbin şagirdlərinin yaxınlıqda yerləşən digər məktəblərə daşınması işinin təşkili üçün hazırda təhlillər aparılır.