Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov və agentliyin kollektivi 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, onların xatirələrini dərin ehtiramla yad ediblər.

"Unikal" xəbər verir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən şənbə gecəsində törədilən dəhşətdən düz 34 il keçsə də, nə düşmənin amansızlığı, nə də  qanları ilə adlarını tarixə yazan, azadlıq yolunda ölümə sinə gərərək Şəhidlik zirvəsinə qalxan Vətən övladları unudulmayıb. 

Bu tarix  Azərbaycanın milli-azadlıq mübarizəsinin ən şanlı səhifələrindən biri, xalqımızın qızıl hərflərlə yazılan qəhramanlıq tarixidir. Bu səbəbdən hər bir Azərbaycan vətəndaşının qəlbində şəhidlərimizə dərin ehtiram, minnətdarlıq var. Şəhidlər xiyabanı isə hər birimizin müqəddəs and yerinə çevrilib.