20 Yanvar-Ümumxalq Hüzn Günü ilə əlaqədar Samux rayon ictimaiyyəti rayondakı Samux Şəhidləri Kompleksini ziyarət edib.

"Unikal" xəbər verir ki, mərasimdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, şəhid ailələri, icra hakimiyyətinin əməkdaşları,  rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və yerli sakinlər iştirak edib.

Mərasim iştirakçıları Vətənin azadlığı, ölkəmizin müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edib,  kompleksin önünə əklillər qoyulub.

Sonra rayon  məktəblilərinin vətənpərvərlik mövzusunda çəkdikləri rəsmlərin sərgisinə baxış keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək 20 Yanvar faciəsini xalqımızın qəhrəmanlıq səlnaməsi, milli qürur günü kimi səciyyələndirib,  şəhid ailələrinə böyük ehtiramını ifadə edərək 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin,  suverenliyimizin bərpasının qürurundan danışıb.

Saat 12:00-da Samux rayonunda da 20 Yanvar  şəhidlərinin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.