"Sumqayıt-Bakı arasında yeni ekspres avtobus marşrutunun işə düşməsi irəliyə doğru ciddi addımdır".

"Unikal" xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib. O bildirib ki, bu istiqamətdə görüləcək işlər hələ çoxdur:

"Dəfələrlə vurğuladığımız kimi, bu iki şəhər arasında təkcə vağzaldan-vağzala sərnişindaşıma ciddi uğurlar gətirməyəcək. Bu iki şəhərə vahid aqlomerasiya və vahid mobillik zonası (məkanı) kimi baxılmalıdır. On minlərlə (bəkə də yüz mindən çox) insan gündəlik öz rutin həyatının axarı olaraq bu iki şəhər arsında gedib-gəlir. Bu şəhərlərdən birində yaşayıb, o birisində işləyirlər, təhsil alırlar və s. Bu, Sumqayıt yarandığı tarixdən belədir. 

Ona görə də Sumqayıtın bir neçə yerindən Bakının bir neçə yerinə və əksinə ictimai nəqliyyat təşkil edilməlidir. Bunun imkanları araşdırılmaqla daha kiçik tutumlu avtobuslarla ekspres marşrutlar yaradılmalıdır. Bu iki şəhər arsında qatarla daşıma imkanları da ciddi yaxşılaşdırılmalıdır. Əks təqdirdə, bu iki şəhər arsında fərdi avtomobillər və taksilərlə səyahət sayını azaltmaq asan olmayacaq. Nəzərə alınmalıdır ki, müasir insan üçün təkcə gediş haqqı yox, həm də yola sərf edilən zaman çox vacibdir. Aqlomerasiya daxilində gündəlik səfərlər edən insanlar üçün vağzaldan-vağzala daşıma ciddi vaxt itkisidir. Heç də hər kəs bu itkiyə getmir".