"Oslonun Rusiyanın mümkün təcavüzünə qarşı durmaq, hərbi gücünü artırmaq üçün çox az vaxt qalıb".

"Unikal" xəbər verir ki, bunu Norveç Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eirik Kristoffersen bildirib. 

Kristoffersenin sözlərinə görə, ölkənin silahlı qüvvələrinin "bir, iki, bəlkə də üç il davam edə biləcək" bir fürsət pəncərəsi var və bu müddət ərzində müdafiə xərcləri artırılmalıdır.

“Ancaq vaxtımız tükənir. Mən sadəcə bunu vurğulamaq istəyirəm. Üç ildən sonra Rusiyanın taleyinin necə olacağını bilmirik. Güclü milli müdafiəyə malik qeyri-müəyyən və gözlənilməz dünya ilə qarşılaşmaq bizim üçün vacibdir”, - deyə Norveç Baş Qərargah rəisi bildirib.

O vurğulayıb ki, Rusiya hərbi potensialını “gözləniləndən daha sürətli” qurur.

Yanvarın 8-də İsveçin mülki müdafiə naziri Karl-Oskar Bulin İsveçdə mümkün müharibə haqqında danışıb və həmvətənlərini döyüş əməliyyatlarına hazır olmağa çağırıb. O, həmçinin mülki müdafiənin yenidən silahlanmasının kifayət qədər sürətlə getməməsindən narahatlığını ifadə edib.

Öz növbəsində ölkə silahlı qüvvələrinin baş komandanı Mikael Buden vəziyyətin çox ciddiləşdiyini qeyd edib.