Bu gün Daxili İşlər Nazirliyində 2023-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunan geniş Kollegiya iclası keçirilib.
"Unikal" xəbər verir ki, iclası giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinin böyük təntənə ilə qeyd edildiyi 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələrin baş verdiyini, bunların arasında Azərbaycanın bütün ölkə ərazisində dövlət suverenliyinin bərpasının mühüm yer tutduğunu diqqətə çatdırıb.
Nazir vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın davamlı hərbi təxribatlarına cavab olaraq başlanan Vətən müharibəsində qazanılan Zəfərdən və ötən il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri ilə Xankəndi, Xocalı, Ağdərə və digər ərazilər düşməndən azad edildikdən sonra Qarabağ və Şərqi Zəngəzurda xidmət aparan polis və Daxili Qoşunlar Böyük Qayıdış proqramının reallaşması üçün əzmlə çalışaraq üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir, təhlükəsizliyi etibarlı təmin edirlər.
Antiterror tədbirlərində 12 hərbi qulluqçunun və 8 polis əməkdaşının şəhid olduğunu vurğulayan nazirin təklifi ilə şəhidlərin xatirəsi ehtiramla yad edilib.