Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov M.Müşfiq adına 14 nömrəli tam orta məktəbdə növbəti dəfə səyyar görüş keçirib.
"Unikal" xəbər verir ki, görüşdə millət vəkili Müşfiq Cəfərov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəsisə və təşkilat rəhbərləri iştirak ediblər.
Görüşdən əvvəl təhsil müəssisəsinin şəhid məzunlarının xatirəsinə yaradılan güşə ziyarət olunub, önünə tər çiçəklər düzülüb.
Şəhər sakinləri onları narahat edən məsələləri gündəmə gətiriblər. Səsləndirilən müraciətlərdə işlə təminat, müalicə, maddi yardım və digər məsələlər üstünlük təşkil edib.
Niyazi Bayramov vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb, digərləri isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.
Vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.