Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü ilin yanvar-oktyabr ayları ərzində Avropa regionunda qızılcaya 30 mindən çox yoluxma halı qeydə alıb.
"Unikal" “Politico”ya istinadən xəbər verir ki, ÜST-ün Avropa ofisinin yaydığı xəbərdarlıqda ötən ilin ilk 10 ayı ərzində yoluxma hallarının bir il əvvələ nisbətdə 30 dəfə artdığı qeyd olunub. Təşkilat ölkələri təcili immunizasiya kampaniyaları aparmağa çağırıb.
ÜST-ün məlumatında qeyd olunub ki, xəstəliyə yoluxmaların kəskin artması qızılca peyvəndi vurulanların sayının azalması ilə əlaqəlidir. Covid-19 pandemiyası 2020-2022-ci illərdə uşaqların immunizasiya prosesinə mane olub. 1,8 milyon uşağa bu periodda vaksin vurulmadığı təxmin edilir.
Ötən həftə Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi də qızılca hallarının ölkə boyunca yayıldığını bəyan edib. Milli Səhiyyə Xidməti isə bazar ertəsindən etibarən qızılca əleyhinə genişmiqyaslı vaksinasiya kampaniyasına başlayıb.