"İndi köhnə qaydada idarəetmə modelinin yetərli olmadığı və yeni modelə keçid müzakirə olunmalıdır. Bu gün iqtisadi və sosial sahədə baş verən problemlərin bir çoxunun kökündə idarəetmə sistemindəki boşluqlar, bir-birini təkrarlayan orqanların olması durur".
Bunu "Unikal"a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, birinci növbədə idarəetmə tənzimlənməli, yeni idarəetmə formasına keçid baş verməlidir:
"Struktur islahatlarının olması çox vacibdir. Həmçinin, yeni konstitusiya dəyişikliklərinin olmasını vacib sayıram. Ölkənin inzibati ərazi vahidi dəyişdirilməli, 14 iqtisadi zona inzibati ərazi vahidinə çevrilməlidir. İcra hakimiyyətləri struktur olaraq ləğv edilməli, seçkili oqranların üstünlüyü artmalıdır. Nazirlər Kabinetində islahatlar aparılmalıdır. Çox sayda nazirliklərin və dövlət idarələrinin olduğunu görürük. Ümumi sayları 44-dür. Bir-birini təkrarlayan orqanlar var. Məsələn, tikinti sahəsində 11-12 orqan var. Bunları bir mərkəzdə cəmləşdirməyə ehtiyac var".
Anar Kəlbiyev