Azərbaycanda fəaliyyət göstərən “İzone” MMC, “Technonet” MMC və “Internet Service Provider” MMC-lərin fəaliyyətinin dayandırılması ilə bağlı uçotları ləğv edilib və ümumi uçot məlumatları müvafiq hissələrdə yenilənib.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) "Unikal"a verilən məlumata görə, uçotun ləğv edilməsi ilə bağlı şirkətlərdən İKTA-ya müraciət daxil olub.

Həmçinin internetin təkrar satışı xidmətini göstərən “Azintelnet” MMC-nin müraciəti əsasında onun uçota alınması həyata keçirilib. Bununla da uçota alınan operator və internet provayderlərinin sayı 153-ə çatıb.

“İKTA bir daha bəyan edir ki, uçota alınmayan operator və provayderlər, o cümlədən host provayderlər “Elektron hökumət” portalında bu link vasitəsilə autentifikasiyadan keçərək uçota durmaq üçün ərizə göndərməlidirlər. Uçota durmamaq İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsinə əsasən, uçot qaydalarının pozulmasına görə inzibati məsuliyyətə səbəb ola bilər”, - deyə İKTA-nın məlumatında bildirilir.