Bakıda iki qardaşın dəm qazından boğularaq ölməsi ilə bağlı araşdırma aparılır.

"Unikal" xəbər verir ki, hadisə Nərimanov rayonunda, evdə qeydə alınıb.

Rayon ərazisindəki evdə kirayədə yaşayan, Əli və Sərxan Həsənov qardaşlarının meyiti tapılıb. Onların dəm qazından zəhərlənərək öldükləri bildirilir.

Məlumata görə, qardaşlardan yanvarın 25-dən xəbər olmayıb. Qohumları onların yaşadığı evə gəlib, evin pəncərəsini çöldən açaraq içəri daxil olublar. Onlar iki qardaşın meyitlərini aşkar ediblər.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

*** 10:24

ADA-nın tələbəsi dəm qazından boğulub.

"Unikal" xəbər verir ki, Prezident təqaüdçüsü, 2019-cu ilin buraxılış imtahanında ən yüksək nəticə göstərən məktəb məzunlarından biri və III qrup üzrə bakalavra qəbul imtahanlarında 692 bal toplayaraq respublika birincisi olan Sərxan Hüquq fakültəsinin son kurs tələbəsi idi.

Bildirilib ki, Sərxan ABŞ-də təcrübə keçən tələbələrdən olub. O, xarici məhkəmələrin metodikasını öyrənirdi.

Hadisə ilə bağlı araşdırma aparılır.