Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində ikinci yarımilə hazırlıq məqsədilə pedaqoji şuraların iclaslarının keçirilməsinə başlanıb.

Bu barədə "Unikal"a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, iclaslar ilk olaraq paytaxtdakı 317, 188 nömrəli tam orta məktəblərdə və Məktəb-Lisey Kompleksində keçirilib.

İclaslarda ümumi təhsil müəssisələrində uşaqların təhlükəsizliyinə və şagird davranış qaydalarına nəzarətin gücləndirilməsi, müəllimlərin etik davranış qaydalarına əməl olunması vəziyyəti, məktəblərdə psixoloji xidmətin təşkili, valideynlərlə işin səmərəliliyinin artırılması və digər vacib məsələlər müzakirə olunub, məktəb psixoloqlarının 6 aylıq hesabatı dinlənilib.

Pedaqoji şura iclaslarında ümumi təhsil müəssisələrində təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşmasına diqqətin artırılması, təhsilalanlar arasında risk qrupuna daxil olanların müəyyənləşdirilməsi və məktəb psixoloqunun onlarla apardığı sistemli işin gücləndirilməsi, məktəb-valideyn əməkdaşlığının genişləndirilməsinin və təhsil müəssisələrinə ictimai dəstəyin əhəmiyyətindən danışılıb. İclaslarda müzakirə edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib, müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) tərəfindən ümumi təhsil müəssisələrinə sağlam mənəvi-psixoloji mühitin daha da yaxşılaşdırılması məqsədilə xüsusi təlimatlar göndərilib, məktəb rəhbərlərinə idarəetmədə səmərəliliyin artırılması istiqamətində müvafiq tapşırıqlar verilib.

İclaslarda MÜTDA-nın direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, MÜTDA-nın direktor müavini Orxan Abbasov, BŞTİ-nin müdir müavinləri Xəyalə Əhmədzadə və Anar Məmmədov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Pərvanə Məmmədova, Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə, MÜTDA-nın baş məsləhətçisi Heyran Səfərova, BŞTİ-nin Təlimə Dəstək Mərkəzinin psixoloq-metodisti Aysel Novruzova, müəllimlər, valideynlər, məktəb-icma birliyinin nümayəndələri iştirak ediblər.

Paytaxtın digər ümumi təhsil müəssisələrində də müvafiq mövzular üzrə pedaqoji şura iclaslarının keçirilməsi nəzərdə tutulur.